Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan edib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi və regionların iqtisadi potensialının artırılması əsas müzakirə mövzusu olub. Dövlət başçısı son illər aqrar sahədə görülən genişmiqyaslı işlərə baxmayaraq, kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirib. Prezident xüsusilə buğda istehsalında idxaldan asılılığın yüksək qalmasını, urbanizasiya səbəbindən kəndlərdən şəhərlərə axının artmasını və iqlim dəyişikliklərinin yaratdığı riskləri diqqətə çatdırıb.
Politoloq Zaur Məmmədov Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hökumət nümayəndələri ilə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər sadəcə kənd təsərrüfatı sahəsinə dair növbəti müzakirə kimi qiymətləndirilə bilməz. Onun fikrincə, burada söhbət geosiyasi çağırışlar, region ətrafında davam edən müharibələr, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi məsələləri və iqtisadiyyatın post-neft transformasiyası fonunda aqrar sektorun ölkənin iqtisadi modelindəki rolunun yenidən dəyərləndirilməsindən gedir:
"Dövlət başçısının da qeyd etdiyi kimi, fəaliyyətinin ilk illərindən etibarən kənd təsərrüfatına və regionların inkişafına xüsusi diqqət ayrılıb. Həqiqətən də, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda regionların modernləşdirilməsi istiqamətində genişmiqyaslı proqram həyata keçirilib. Məhz bu proqram regionların inkişafı üçün möhkəm təməl yaradıb. Minlərlə kilometr avtomobil yolu tikilib və yenidən qurulub, su təchizatı və irriqasiya sistemləri, elektrik xətləri, qaz şəbəkələri, sosial infrastruktur, logistika və emal müəssisələri yaradılıb. Bu illər ərzində dövlət rayonların inkişafına ardıcıl şəkildə investisiya yatıraraq iqtisadi artımın daha balanslı modelini formalaşdırıb. Dövlət proqramları sayəsində yeni iş yerləri yaradılıb, regionlarda sahibkarlıq fəallığı artıb, kənd yerlərində yaşayış şəraiti yaxşılaşıb və ölkənin daxili ərzaq bazarı möhkəmlənib. Müşavirədə Prezident torpaq və su ehtiyatlarından səmərəli istifadənin, həmçinin region ətrafında dəyişən şərait fonunda məhsuldarlığın artırılmasının vacibliyini vurğulayıb. Bu yanaşma qlobal tendensiyalarla tam uzlaşır. Məlumdur ki, dayanıqlı daxili ərzaq istehsalına malik dövlətlər əlavə strateji müstəqillik elementi əldə edirlər".
Z. Məmmədov qeyd edib ki, Azərbaycanda aqrar mövzu artıq çoxdan regionların sosial dəstəyi çərçivəsindən çıxıb:
"Bu sahə artıq makroiqtisadi və geosiyasi strategiyanın mühüm tərkib hissəsinə çevrilir. Müşavirə həm də göstərdi ki, mərkəzi hakimiyyət aqrar siyasətin yerlərdə icrasına daha ciddi nəzarət mərhələsinə keçir. Faktiki olaraq söhbət “dəstək” modelindən “səmərəlilik” modelinə keçiddən gedir. Bu isə Kənd Təsərrüfatı Nazirliyi və yerli icra strukturları üçün məsuliyyətin daha da artması deməkdir. Aydındır ki, bu gün dünyada getdikcə daha çox dövlət yuxarıda sadalanan çağırışlar fonunda kənd təsərrüfatının əhəmiyyətini dərk edir. Müasir dünya kənd təsərrüfatı son onilliklərin həm ən mürəkkəb, həm də ən texnoloji dövrlərindən birini yaşayır. İqlim dəyişiklikləri, geosiyasi proseslər, demoqrafik artım, su qıtlığı və qiymətlərin yüksəlməsi sektora ciddi təzyiq göstərsə də, məhz bu çağırışlar innovasiyaları sürətləndirir və yeni imkanlar yaradır. Bundan əlavə, son illərdə aydın şəkildə görünür ki, ərzaq təhlükəsizliyi dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə və milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib. Pandemiya, müharibələr, qlobal inflyasiya, iqlim dəyişiklikləri və logistika zəncirlərində yaranan problemlər göstərdi ki, özünü əsas ərzaq məhsulları ilə təmin edə bilməyən ölkələr xarici böhranlar qarşısında daha həssas olurlar. Ümumilikdə, dünya kənd təsərrüfatı elə bir dövrə daxil olur ki, burada əsas resurslar artıq yalnız torpaq və su deyil, həm də idarəetmənin səmərəliliyi, texnologiyalar və regional siyasətdir".
Məhz bu səbəbdən politoloq hesab edir ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının, regionların və infrastrukturun inkişafına yönəlmiş siyasəti bu gün daha strateji məna kəsb edir:
" Son iyirmi ildə Azərbaycanda həyata keçirilmiş bir çox qərarlar faktiki olaraq müasir qlobal tendensiyaları qabaqlayıb. Su təchizatı sistemlərinin, meliorasiya tədbirlərinin, enerji infrastrukturunun, qazlaşdırmanın, kənd yollarının inkişafı, fermerliyə və aqrar istehsala verilən dəstək ölkənin daxili ərzaq potensialının gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Bu gün bir çox dövlətlər ərzaq qıtlığı və idxaldan asılılığın artması riskləri ilə üzləşdiyi halda, Azərbaycan bu çağırışlara daha hazırlıqlı şəkildə yaxınlaşır. Beləliklə, əminliklə demək olar ki, bu gün Azərbaycanda kənd təsərrüfatı tədricən dövlətin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilir".