Vətənin göylərini qara buludlar alanda hamı bir nəfər kimi ayağa qalxdı! Oğul, qız demədən hər kəs bu savaşdan qurtulmaq üçün öz töhfəsini verməyə çalışdı. Oğulun müharibəyə getməyi adi hal olsa da, zəriflərimizin cəbhələrdə, döyüş bölgələrində ara-sıra görünmələri heç də adi hal deyildi! Bu xalqımız tərəfindən böyük ehtiramla qarşılandı. Salatınlarımız, Gültəkinlərimiz Milli Qəhrəman oldu! Qaratellərimizin, Vəfalarımızın qəhrəmanlıqları bu gün örnəkdir!
Elin bağrından qopan, namərd düşmən həmləsinə igidliklə dözən, oğullara arxa olan, əlinə silah alıb, aslan kimi döyüşlərə atılan cəsur qızlar ikiqat oğul, ikiqat igiddirlər! Ən azı ona görə ki, Tomrisə, Amazonkalara, Nigara, Həcərə “əfsanə, nağıl qəhrəmanı”- deyən düşmənlərə göstərdilər ki, bu Xalqın igid qızları dar ayaqda əlinə silah alıb, oğullarla bir cərgədə, cəngavər kimi döyüşə bilər! İgidlər yanında igid kimi öyülə bilər!!! Bu vaxtilə də olub, indi də var!
Hələ mən , bu ağır müharibələrin çətin sınaqlarına dözən bu qızların ürəklərində qalan arzularından, dodaqlarında donan gülüşlərindən, ürəklərində qəzəbə çevrilən sevinclərindən, düşmən gülləsinə hədəf olan gəlinlik duvaqlarından, nişan xonçalarına qırmızı deyil, qara lentlərin bağlanmasından danışmıram, danışmayacağam!..
Mən ağır dərdimizdən danışacam! Çünki dərdi unutduq, yeni dərdlər başımıza gəldi! Qadınlarımızı, qızlarımızı əsgərə çevirən, şəhidə çevirən Qarabağ müharibəsinin, Xocalı ağrı- acısının aşkar həqiqətləri, dözülməz dəhşətləri hələ neçə-neçə illər bizi tərk etməyəcək, qan gedən yaralarımız qaysaq tutmayacaq!...
Bir xalqın tarixində, onun qan yaddaşına çevrilən dərdləri, yaraları olduğu kimi, yaşatmaq üçün, o qanlı müharibələrdə misilsiz xidmətlər göstərən qəhrəmanlar unudulmamalıdır! Xüsusən də, öz adını tarixin səhifəsinə baş qəhrəman kimi yazan igidlərimiz, ər qeyrətli, şir ürəkli, oğul təpərli qızlarımız da öyülməli, təbliğ olunmalıdır!
Xalqımızın qan yaddaşı olan Qarabağ müharibəsinin unudulmaması, bu şanlı qəhrəmanlıq səhifəsinin yaşaması, gələcək nəsillərə Qarabağ dərdimizin eyniylə çatdırılması üçün yazarların, publisistlərin, rejissorların, mühərrirlərin, ümumilikdə yaradıcı insanların üzərinə böyük məsuliyyət düşür. Mən inanıram ki, oğullarımızla bərabər qəhrəman qızlarımızın təbliğ olunmasında, onların haqqında kitabların, xüsusi buraxılışların, filmlərin təqdimatlarında böyük fəalllıq göstərən yaradıcı adamlarımız yeni-yeni igidlərin üzə çıxarılmasında daha böyük fəallıq göstərəcəklər. Durğunluq aradan qalxacaq, hər sahədə olduğu kimi bu sahədə də fəallıq yaranacaq.
Mən sizə belə iğid qızlardan biri- Vəfa Dəmirçioğlu haqqında danışmaq istəyirəm. Bu qız Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşmüş, Qərb bölgəsində ən strateji nöqtə, ən qanlı-qadalı cəbhə olan Qazax rayonunun Daş Salahlı kəndindəki möhtəşəm Avey yüksəkliyinin düşməndən mühafizə olunmasında böyük igidlklər göstərmişdir.
O, istər Daş Salahlı kəndində döyüş əhvali-ruhiyyəsinin oyanmasında, kənddə səngər qazılmasında, qərargah yaradılmasında, istər də savaş meydanında odun-alovun içərisində bir igid kimi davranmış, cəbhə bölgəsi olan kənddə tam müdafiənin qurulmasında böyük fədakarlıqlar göstərmişdir. Vətəninin, doğma kəndinin könüllülərinə arxa-dayaq olmuş, neçə dəfə döyüşən əsgərləri və kənd sakinlərinin həyatını xilas etmiş, bu rəşadətinə görə hər zaman el içində yüksək hörmətə, ehtirama layiq görülmüşdü.
Vəfa Dəmirçioğlu (Dəmirçi qızı Mansurova) 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində, qulluqçu ailəsində anadan olmuşdu. Altı qızın 5-cisi olan Vəfa zirəkliyi, ötkəmliyi, hünəri ilə hələ uşaqlıqdan seçilirdi. O, məktəbdə, qohumlar arasında, ailədə istiqanlığı, qoçaqlığı, təəssübkeşliyi ilə həmişə fərqlənirdi. Vəfanın düşüncəsi də, həyata münasibəti də fərqli olub həmişə.
Müəllif: Atam bəy babamın yurdunun daşlarını söküb, 20 maşın daşı gətirib qapımıza tökmüşdü. Qırmızı terrorun ayağı altında qalmasın deyə! Uzun illər evin tikilməsi prosesində problemlər çıxdığına görə evin tikintisi uzanırdı. Gah əmim xəstələndi, atam onu sağaltmaq üçün Akstafaya, Didvana, Tbilisiyə müalicəyə apardı, gah bacımın ayağı sındı, ona başı qarışdı, sonra da anam uzun illər xəstə oldu, daşlar töküldü qaldı. İlk dəfə Vəfa böyüyəndən sonra onun təşəbbüsü, təkidi və birbaşa özünün də işə yaxından yardımı ilə o daşlar üst-üstə qoyuldu və ikimərtəbəli böyük bir malikanə, imarət tikildi. Vəfa:”Bəy babamın daşları yerdə qalmamalıdır!”-, deyə atamla birgə (qohum-əqrəbanın, əmioğullarımın, kəndin usta və inşaat işçilərinin də iştirakı ilə), atamın ustalığı və köməkliyi ilə o ev tikilib başa çatdı, hörgüsü qurtardı, damını bağladılar. Damın “torpaqlıq” deyilən yerində atam qəlib qoydu və sementdən “karniz” töküldü. O sementdən tökülən “karniz” zolağı bərkidikdə gördülər ki, məsamələr var, yaxşı görünmür. Atam kəndin gənc ustalarından bir neçəsinə yüksək əmək haqqı ilə o məsamələri doldurmağı təklif etsə də, qorxulu olduğu üçün heç kim yaxın durmadı. Bir gün Vəfa, atam evdə olmayanda, təkbaşına o boşluqları özü doldurmuşdu. 10-12 metr hündürlükdə, çox təhlükəli bir vəziyyətdə, dəzgahsız bu işi görmək özü igidlik tələb edirdi. Amma o, bunu etmişdi. Hamı, hətta dünyagörmüş atam belə məətəl qalmışdı: ”A bala, maşallah, bu uşaq igiddir!”-, demişdi”…
Vəfa 20 Yanvar faciəsi zamanı özünə yer tapa bilmirdi. O, şəhidlərin şəkillərini “Səhər” qəzetindən kəsib, özünün partiya biletinin səhifələrinə yapışdırmışdı. Heç çür onu və atamı ovutmaq olmurdu. Heyrətə gəlmişdilər ki, sovet ordusu, sovet insanını-gəncləri, qocaları, qızları, hətta körpələri belə acımasızcasına necə qırıb-tökə bilər? Bakıya gələndə hər dəfə Vəfa Şəhidlər xiyabanına gedər, bu müqəddəs məkanı ziyarət edərdi.
Dəhşətli Xocalı faciəsi isə onun bütün həyatına təsir etdi. Vəfa sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə vermişdi. Oxumaq, tarixçi olmaq istəyirdi. Lakin o, imtahana getmədi. Universitetə yox, silah qurşanıb, səngərə yollandı! Qəti qərarını verdi:”Diplom Vətən qorumur!”. Ona ailədə, qohumlarda etiraz edənlərə : “Müharibə gedən ölkədə hər ev bir əsgər verməlidir! Bizim evdən də mən gedirəm!”- dedi.
Atam ehtiyatda olan zabit idi. Onun evdə kiçik çaplı tüfəngi və iki bağlama gülləsi olardı, həmişə. Vəfa atamın silahını götürüb sərhədə gedir. Qohumlarımızın bir az gənc və nüfuzlu olanları Vəfaya yalvarır ki, get evə, biz budayıq. Lakin Vəfa qayıtmır. Onlar Atama müraciət edirlər. Atam isə onlara:”A bala, ölüm hər yerdə ölümdü. Səngərdə də, evinin içində də. Xocalını görmədiniz? Heç olmasa mənim balam 5-ni öldürər, Xocalının qisasını alar! Hər kəs bu gün Xocalının qisasını almalıdır!”-,deyir.
Atam özü xəstə idi. Cərrəhi əməliyyat olnmuşdu. Yoxsa, şübhəsiz özü də, bacımla birgə orda olardı. Həkimlər onu Bakıda 5 gündən artıq saxlaya bilmədilər. Ağır operasiya olsa da, kəndə getməyə tələsdi. “Torpaq boşalmasın, yurdumuz əldən getməsin! A bala, məni kənddə görməsələr, kənd boşalacaq!”-, deyirdi. O kəndin ağsaqqalı idi. “Kəndin düşmən əlinə keçməməsi üçün kənd vuruşmalıdır!”-, deyirdi. Ona görə də bacım gedəndə qarşısına durmur, evdə olan tüfəngi və iki bağlama gülləni də ona verir.
Vəfa 1993-1995-ci illərdə “AVEY”, “Üçgül”, “Satılmış” adlanan Qazax ərazisindəki cəbhə bölgələrində könüllü hərbi qulluqda olmuşdur. O, Qazaxda 707- nömrəli hərbi hissənin 5-ci batalyonunun 1–ci bölüyündə qulluq edən yeganə qız idi. Hətta, qızların döyüşməsi yasaq olduğu üçün, onun adını “Mansurov Vəfa Dəmirçi oğlu” kimi qeyd etmişdilər. Döyüş yoldaşlarının, ətrafına yığılan qohum-əqrəbalarımızın ailə üzvüləri olan gənclərin təkidinə baxmayaraq, əlinə silah götürüb, düşmənlə üzbəüz dayanıb, gecələr keşik çəkirdi. Qarda, yağışda, günün dözülməz istisində, Avey dağından enməyib, kəndin ərazisinin, rayonun və demək olar bütün Gəncəbasarın təhlükəsizliyinin qorunmasında fədakarlıq göstərmişdir.
Onun adı az bir zamanda dillərə düşdü, haqqında oçerklər, əfsanələr, şeirlər, poemalar yazıldı. AYB-nin Qazax bölməsinin sədri Əməkdar İncəsənət Xadimi Barat Vüsal, yazıçı-publisist Hicranə Əhmədqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şairlər Eyyub Paşa, Güləmail Murad və bir çox qələm adamları bədii əsərlər, oçerklər yazdılar.
Bir gün eşitdim ki, Vəfa tank sürmək öyrənir. Fahiməyə düşdüm. Bildim ki, bu düşmən üzərinə getməyə hazırlaşır. Həmin axşam qatarla yola düşüb, səhər kəndə çatdım. Hələ tezdən idi, gördüm hazırlaşıb, cəbhə mövqeyinə gedəcək. Dedim: “A Vəfa, erməninin üstünə getmək istəyirsən? Sən bilirsən axırın nə ola bilər? Bu texnikadır. Sürməyi öyrəndin, qalanını ki, öyrənə bilməyəcəksən? Yolda, yaxud döyüş meydanında qəflətən tank dayansa, planların alt-üst ola bilər!? Qarşıdakı düşmən ermənidir, bilirsən? Onda mərdlik, comərdlik nə gəzir??? Sən bunu eləsən, mən öz üstümə benzin töküb, ayağımdan od vuracam! Özün bil, get!”. O, belə çox təəccüblə və təəssüflə dönüb üzümə baxdı. Elə bil ki: “Sən axı bunu hardan öyrəndin, niyə bildin????”-,demək istəyirdi. Amma, heç nə demədi. Çıxıb getdi. Təxminim yəqin idi. Sonralar Atamdan eşitdim, ondan soruşubmuş ki, insan özünü harasından vursa tez ölə bilər? Atam da ona öyrədibmiş…
Mən bu hadisədən 25 il sonra, cəmi türkün iftixarı, Azərbaycanın Milli Qəhrımanı Mübariz İbrahimovun etdiklərini eşidəndə bədənim lərzəyə gəldi. Bilmədim özümü qınayım, bilmədim sevinim? Amma Tanrıma şükr oxudum ki, bacım evdə, gözümün qabağında dünyasını dəyişdi. Bu Qəhrəmanlıqsa, mənə tanış idi… Allah igid Mübarizə qəni-qəni rəhmət eləsin! Mənim təxminimi doğru çıxarmışdı. 25 il əvvəl Vəfa bunu edəcəkdi. Mənim dediklərim onun qarşısını kəsmişdi! Bilirdi ki, mən də dediyimi eləyənəm! Türkün əsgərində yurdu qorumaq, könüllü fədailik, fövqəl qəhrəmanlıq həmişə olub, olacaq!..
İnsan qəhrəman ola bilər, fədakar da ola bilər, fədai də ola bilər, şəhid də ola bilər!!! Lakin insan hər şeydən əvvəl bioloji varlıqdır. Onun iradəsi poladdan möhkəm də olsa, canı adi insan canı olaraq qalır. Kənd uğrunda gedən ağır döyüşlərin birində Vəfanın yanında mərmi partlamışdı. Yoldaşlarının etirafına görə özünü sındırmayıb, qorxduğunu bildirməsə də, mərminin ağırlıq qüvvəsi öz işini görmüşdü və yavaş-yavaş təsirini göstərirdi.
Vəfa 6 ay xəstə yatdı. Həkimlərin yoxlamasından (o zaman) ürəyi, əsəbləri, bütün daxili orqanları sağlam çıxdı. Onun xəstəliyi yenib, ayağa duracağına hamı inanırdı. Bizimkilərin ağlına gəlməmişdi ki, onun baş-beyin nahiyısini də yoxladaydılar. Çünki çox sərrast, düşüncəli söhbətlər edirdi. Amma başında olan zədə öz işini görürmüş… Sakit-sakit canına işləyirmiş? Bu zədənin nəticəsində torpağını, millətini, elini-obasını, xalqını, ailəsini dünyalar qədər sevən bu mərd qızın Vətən üçün döyünən böyük ürəyi 1998-ci il, aprelin 24-də qəfildən dayandı. Ayın 25-də ailəsinin mənsub olduğu Qayalı qəbristanlığında dəfn olundu. Bu dərddən çaşan, özünə yer tapa bilməyən, heç bir sözlə ovunub, sakitləşməyən atam dərdin çoxluğundanmı, ata qürurundanmı, nədənsə heç bir qapıya getmədi. Cəbhə yoldaşları: “Bu qız Milli Qəhrəman adına layiq döyüşçüdür. Bizə kömək edin, bu adı alaq onunçün!”-,desələr də, Atam ad-san, şöhrət, sənət-sübut dalınca düşmədi. “Mən övladımın qan pulunu istəmirəm! Döyüşüb, torpağı üçün döyüşüb, xalqı üçün döyüşüb!”-dedi. Amma mən, sonralar ona deyəndə ki: "Ata o pulları yığıb, kənddə iki məktəb var, onun əlaçı şagirdlərinə hər il "Vəfa Dəmirçioğlu" mükafatı vermək olardı!"-, dedim. Onda kişi iki əlli dizinə vurub: "A bala, bunu niyə vaxtında mən başa salmadın?"-,dedi. Mən Atamdan bu sözü alandan sonra Vəfanın adının tanınması üçün fəaliyyətə başladım. O da ki,....
İndi Vəfa cismən yoxdu aramızda. Amma xatirəsi ürəklərdə yaşayır. Hər əlamətdar günlərdə kəndin ziyalıları, məktəblilər, müəllimlər, tibb işçiləri onun məzarını ziyarət edir, xatirəsinə ehtiram bildirirlər. Kənd camaatının və bu sətirlərin müəllifinin xahişi ilə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonunun mərkəzində salınmış Şəhidlər xiyabanının ən görkəmli yerində, onun xatirəsinə vəfatından 19 il sonar, 2017-ci ildə “Şəhidlərin qız qardaşı-Vəfa Dəmirçioğlu” adına bulağı inşa etdirdi. Mən bunun üçün ailəm, nəslim adından hörmətli Rəcəb Babaşova minnətdarlığımı bildirirəm. O, Qazaxa başçı təyin olunandan sonra, bir çox şəhidlərin adının əbədiləşməsinə köməklik göstərib. Bu çox böyük bir vətənpərvərlikdir!
İndi yenə də Vəfa döyüş yoldaşları ilə bir cərgədədir! Xalqın, onu sevənlərin ürəyində xatirəsi əziz tutulur, qələm sahiblərimizin yazdığı əsərlərdə qəhrəmanlıqları yaşayır.
Amma, bu igid qızın-Vəfa Dəmirçioğlunun nigaran ruhu Vətən göylərində dolaşır və bizim qəti qələbəmizin çalınacağı günü gözləyir. O qələbə yaxındadır!
P.S Vəfa Dəmirçioğlu haqqında söhbət gedəndə, onun döyüş yoldaşı və dayısı oğlu Şəadət Nəbiyev dedi ki: “Aveydəki döyüş mövqeyimizdən xeyli aralıda iri bir daş, yalın qaya parçası var idi. Ordan düşmənin mövqeyi ovuc içi kimi görünürdü. Amma heç kəs canının qorxusundan o daşa yaxın getmirdi. Çünki atəş altında idi. Təkcə Vəfa o daşın hədəvərinə hərlənər, düşmənin mövqeyini öyrənmək üçün durbinlə baxar, məlumat toplardı. Deyəndə ki: “ay Vəfa, getmə ora. Gəl kənardan bax, sənə güllə dəyər!”. Heç nə deməz, sakitcə gülümsəyərdi. Biz o qaya parçasına “Vəfanın daşı” adını qoymuşduq!”. Kaş, o daşın adını əbədiləşdirə biləydim.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Zərəngiz Dəmirçi Qayalı