“Paşinyan sələflərindən fərqlənmir” - Hərbi təzyiq artırılmalıdır



"Ermənistanın yeni hakimiyyətinin göstərdiyi fəaliyyətə baxdıqda Nikol Paşinyanın da əvvəlki ölkə başçılarından fərqlənmədiyini müşahidə etmək olar".

Bunu "Sherg.az"a açıqlamasında gənc politoloq Kənan Paşayev deyib.

Analitik vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşündən sonra cəbhədə yaranan nisbi sakitlik ABŞ-ın münaqişənin həllinə müsbət töhfələr verəcəyi ilə bağlı müsbət ümidlər yaratmışdı:

"Lakin, Vaşinqton görüşünün ardından Rusiyanın "Vladtime" saytının təxribat xarakterli "Qarabağda müharibəyə hazırlıq gedir" iddiası ortaya atıldı. Bu hal münaqişənin uzanmasının əsas səbəblərindən birinin də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında məqsədyönlü uzlaşmanın olmadığını göstərir. Həmsədr ölkələri əsas maraqlandıran Cənubi Qafqaz regionunda daha çox söz sahibi olmaqdır. Bu vəziyyət artıq rəqabət həddinə çatıb və belə olduğu təqdirdə münaqişənin qısa zaman ərzində həllini gözləmək çox çətindir. Təbii ki, Paşinyan hakimiyyətinin də münaqişənin digər bir tərəfi kimi rolu danılmazdır".

Ekspertin sözlərinə görə, Paşinyana Qarabağ probleminin həlli ilə bağlı müsbət addım atmağa iki qüvvə mane olur:

"Birincisi, rəsmi Moskvanın onun qarşısında qoyduğu tələblər, ikincisi isə problemin Azərbaycanın xeyrinə həll olacağı təqdirdə ondan narazı qalacaq Ermənistan əhalisi. Hətta bu siyahıya biz Qarabağın təbii sərvətlərini də əlavə edə bilərik. Hansı erməni o qədər sərvətdən imtina edər? Yəni, hazırki vəziyyətdə Paşinyandan münaqişənin həllinə dair müsbət addım gözləməyə dəyməz. Yalnız, rəsmi Moskvanın Cənubi Qafqazdakı rolunun qarşısı alınarsa, Ermənistana hərbi təzyiq göstərib münaqişəni müsbət nəticə ilə sonlandırmaq olar. Ermənistanı sülhə məcbur etməyin yeganə yolu hərbi təzyiqdir. Bunun üçün də beynəlxalq vəziyyət buna uyğun olmalıdır".