“...Münaqişənin nizamlanması istiqamətində dönüş mərhələsi başlayacaq” – Proqnoz

“Ermənistan tərəfi bu müddət ərzində hansısa yolların çəkilişini planlaya bilər. Ancaq bunun reallaşması çox da asan deyil”

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib. 

Ekspert bildirib ki, 2020-ci və 2021-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çox mühüm dönüş mərhələsi başlayacaq: 

“İrəvan hökuməti ilk növbədə münaqişənin həlli yolları ilə məşğul olmalıdır.

Son zamanlar Suriyalı ermənilərin Dağlıq Qarabağ və ətraf bölgələrə yerləşdirilməsi, erməni rəsmilərin işğal olunmuş Azərbaycan ərazilərinə səfərləri, tikinti işlərinə əl atılması göstərir ki, Paşinyan hökuməti torpaqları sülh yolu ilə qaytarmaq fikrindən çox uzaqdır. 

Düşmənin əsas məqsədi işğal prosesini daha da uzatmaq və mövqelərini gücləndirməkdir. Sözsüz ki, mövcud geosiyasi amilləri nəzərə alaraq Ermənistan tərəfinə tutarlı cavablar veriləcək. Bundan heç kimin şübhəsi olmasın”.
 
Z.Məmmədov beynəlxalq təşkilatların ikili standartlarının illərdir davam etdiyini və bunun artıq təəccüb doğurmadığını deyib: 

“Dünya ölkələri Ermənistandakı ekstremizmə və İrəvan hökumətinin separatizminə göz yumaraq dəstək olurlar. Baxmayaraq ki, bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma buna rəğmən olduqca passiv və susqun mövqe nümayiş etdirirlər.

Bu da ilk növbədə həmin beynəlxalq təşkilatların və onların arxasında duran ölkələrin imicinə böyük zərbə vurur. Unutmasınlar ki, nə qədər güclü olsa belə istənilən ölkə separatizm bəlası ilə üzləşə bilər”.

Qeyd edək ki, Ermənistan hökuməti işğal altında saxladığı Qarabağa 3-cü yol çəkmək fikrindədir. Bu barədə düşmən ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. Şura katibi bildirib ki, yaxınlarda Xankəndinə gedərək qondarma rejimin “rəhbərliyi” ilə yeni yol da daxil olmaqla strateji infrastruktur layihələrini müzakirə ediblər.
Qriqoyanın sözlərinə görə, 2020-ci ildə150 kilometrlik yeni yolun çəkilişinə başlamaq planlaşdırılır.