Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar aparmamaq üçün bəhanələr axtarışındadır.
XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Onun sözlərinə görə, düşmən tərəf Qarabağla bağlı məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtararaq özü-özünü aldatmaqla məşğuldur.
Artıq uzun müddətdir, Ermənistan BMT qətnamələrini icra etməməklə Qarabağla bağlı danışıqlardan qaçır. Bəs, belə olan təqdirdə Azərbaycan tərəfi nə etməlidir?
Sualımızı cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında qeyd edib ki, Ermənistanın danışıqlardan yayınması hər kəsə bəlli olan məqamdır. Və mövcud durum illərdir ki, davam edir:
“Artıq bütün ictimaiyyət bilir ki, Ermənistan tərəfi Qarabağla bağlı danışıqlara getmək istəmir. Sadəcə olaraq, Azərbaycan tərəfi reallığı əks etdirən bəyanatlar yaymalıdır. Hesab edirəm ki, bu bəyanatlar gecikib. Çünki Azərbaycan ictimaiyyəti çox yaxşı bilir ki, Ermənsitan danışıqlar yolu ilə işğal edilmiş torpaqlarımızı azad etmək istəmir.
Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin çoxsaylı bəyanatları onu göstərir ki, düşmən tərəfi hərbi əməliyyatların bərpasını istəyir. Hətta Paşinyanın dairəsi bunun üçün çalışır. Onlar yaxşı başa düşürlər ki, bugünkü mərhələdə Ermənistanın yeganə xilaskarı Qərb ola bilər. Qərbin maliyyə və investisiya imkanları var”.
T.Zülfüqarovun qənaətincə, Ermənistan gec və ya tez Qərb siyasətinə dönəcək:
“Bu, Paşinyanın çoxdankı istəyidir. Ona görə də hərbi əməliyyatların bərpası imkan yaradacaq ki, Rusiya Ermənistanı satmaqda ittiham olunsun. Beləliklə Paşinyan hərbi əməliyyatların bərpası ilə bu ittihamı irəli sürəcək. Onun hakimiyyətdə qalması üçün isə yeganə yol budur”.