Şəhid ailəsi: Ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması olacaq



Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərilir. Oğlumun xatirəsi hamı tərəfindən əziz tutulur və şəhid ailəsi olaraq dövlətimizin qayğısını daim hiss edirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qusar rayonunun Çiləgir kəndindən olan şəhid atası Əliheydər Ağaverdiyev bildirib.
Şəhid atası deyib: “Oğlum Bəhruz Vətən uğrunda həlak olub. Mən onunla fəxr edirəm. İndi Qusarın mərkəzi küçələrindən biri, həmçinin şəhər 1 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin kollektivi Bəhruz Ağaverdiyevin xatirəsini daim əziz tutur, uşaqlara onun haqqında məlumat verilir. Prezidentimiz İlham Əliyevə də çox minnətdaram. Ailəmiz evlə təmin olunub. Şəhid ailəsi kimi aylıq müavinət alırıq. Şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizdən çox razıyıq”.
Bəhruz Ağaverdiyev 1992-ci ildə cəbhəyə könüllü yollanıb. 18 yaşlı gənc cəbhədə olduğu qısa müddətdə qəhrəmanlığı ilə özündən söz etdirməyi bacarıb. Qusarlı döyüşçü həmin ilin mart ayında düşmən gülləsinə tuş gəlib. Ağdərə uğrunda gedən döyüşdə şəhid olan B.Ağaverdiyev doğulub boya-başa çatdığı Çiləgir kəndində dəfn edilib.
“Bizim ən böyük istəyimiz torpaqlarımızın azad olunduğu günü görməkdir. Düşmən Vətənimizdən qovulandan sonra bayramlarımızı daha ürəkdən qeyd edəcəyik. Şəhidlər ölmür, heç vaxt unudulmur. Mənim oğlumun adını indi nəvəm yaşadır. Həmin nəvəm hazırda hərbi xidmətdədir. Bəhruz yaşayır və əminəm ki, qisasımızı düşməndən alacaq”, - deyə şəhidin atası Ə.Ağaverdiyev bildirib.
Şəhidin anası İzacət Ağaverdiyeva bildirib ki, övlad itkisi çox ağır olsa da, oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir. “Mənim övladım vətənpərvər, elini, obasını sevən igid idi. Bəhruz şəhid olandan iki gün sonra nəvəm dünyaya gəldi. İndi oğlumun adını nəvəm yaşadır. Bu, mənə böyük təsəlli verir. Bizi unutmurlar. Rayonda keçirilən tədbirlərə dəvət olunuruq. Amma ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması olacaq. Mən Prezidentimizə də minnətdarlığımı bildirirəm, bizim qayğımıza qalır. Şəhid ailəsi olaraq dövlətin yanımızda olmasını daim hiss edirik”, - deyə şəhid anası bildirib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Ağaverdiyevlər ailəsinə də 11 min manat məbləğində birdəfəlik ödəmə edilib. Bundan əlavə, şəhid ailəsi aylıq 300 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü ilə təmin olunub.
Qarabağ uğrunda gedən döyüşlərdə 64 nəfər Qusar sakini şəhid, 42 nəfər əlil olub. Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 8 və 16 mənzilli iki bina, eləcə də 10 fərdi ev tikilərək istifadəyə verilib. Həmin kateqoriyadan olan 15 nəfərə dövlət tərəfindən avtomobil təqdim olunub.