"Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinə imkan vermir" - AKTUAL 


Dünən Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağla bağlı sərsəm açıqlamasına tutarlı cavab verib. Qurumun sözçüsü Leyla Abdullayeva qeyd edib ki, Z.Mnatsakanyanın Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır”.

L.Abdullayeva bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: 

“Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir”.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək orada çıxış edib. O çıxışında “Dağlıq Qarabağ Ermənistandır” fikrini səsləndirib. Bu ölkənin XİN başçısı Zöhrab Mnatsakanyan da  baş nazirin həmin yanaşmasını təkrarlayıb. 


Mövcud durumu şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında söyləyib ki, Paşinyanin ritorikası yaranmış vəziyyətlə bağlıdır:

“Faktiki olaraq, Rusiya Azərbaycana öz torpaqlarını azad etməyə imkan vermir. Beləliklə, Paşinyan bundan sui-istifadə edərək özünü və xalqını qəhrəman kimi göstərmək istəyir. Nəinki Dağlıq Qarabağ Ermənistandır, Ermənistanın özü də daxil olmaqla heç ermənilərin deyil.

Ermənistan əraziləri Azərbaycan torpaqlarıdır və ruslar uzun illər əvvəl həmin torpaqları bizdən alıb orada Ermənistan dövlətini yaradıblar. Ermənilər öz tarixlərinə baxsalar, bilərlər ki, kimdirlər.

Onlar hər zaman başqa xalqların hesabına özlərinə vətən yaratmaqla məşğul olublar. Bu da keçicidir. Azərbaycan dövləti müharibə yolu ilə mütləq ərazilərini azad etməlidir”.

Partiya sədrinin sözlərinə görə, Qarabağ probleminin həlli danışıqlar yolu ilə mümkün deyil:

“Paşinyanın bəyənatı da elə bunu göstərir ki, biz nə qədər sülhsevər yol seçiriksə, ermənilər də bir o qədər radikallaşır, xalqımızı aşağılayır və özlərini beynəlxalq siyasətdə “lotu” kimi aparırlar.

Ona görə də erməniləri öz yerlərində oturtmalıyıq. Addım-addım Azərbaycanın bir kəndi, rayonu düşməndən azad olunmalıdır”.