Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır.
Bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
“Son 1 ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərlik etdiyi prosesdə ruhlandırıcı addımları müşahidə etdik, xüsusən də prosesi irəli aparmaqdan ötrü əhəmiyyətli olan yüksək səviyyəli görüşləri nəzərdə tuturam. Mən, həmçinin, bu ilin iyununda girovların ikitərəfli azad edilməsini alqışlayıram. Bu, ilkin humanitar addımdır. Belə addımlar sülh prosesində irəliləyişə nail olmaq üçün ehtiyac duyulan müsbət siyasi ab-havaya öz töhfəsini verə bilər”, - deyə T. Klaar bildirib.
Aİ Xüsusi nümayəndəsi vəziyyətin həssas və qeyri-davamlı olmasından təəssüfləndiyini qeyd edib: “Mən son zamanlar verilən itkilərlə bağlı narahatam və tərəfləri maksimum təmkin sərgiləməyə səsləyirəm. Tərəflər atəşkəsə ciddi şəkildə riayət etməli, paralel olaraq substantiv danışıqlar aparmalıdırlar”.
T. Klaar qeyd edib ki, aqressiv ritorika gərginliyi artıra və nəzarətdən çıxa biləcək hadisələrə təkan verə bilər. O, regionda silahlanmanın hələ də çox yüksək olduğunu diqqətə çatdırıb.
Xüsusi nümayəndə bildirib ki, Aİ Azərbaycan və Ermənistan liderləri və Xarici İşlər nazirləri arasında əldə olunan sazişlərin həyata keçirilməsinə dəstək olmağa hazırdır:
“İndi sülh prosesində irəliləmək üçün addım atmaq vaxtıdır. Ölkə liderləri də xalqları sülhə hazırlamağa başlamalıdırlar. Bu özündə çətin qərarları və güzəştləri ehtiva edəcək”.
T. Klaar əlavə edib ki, Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləmə davam edəcək, həmçinin, münaqişənin həllinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək: “Sülh razılaşması olacağı təqdirdə, Avropa İttifaqı gələcək səyləri dəstəkləməyə hazırdır”.