"Ermənistanda kriminal və siyasi ünsürlər kəsişmə yollarında birləşiblər"
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin özündə də neqativ reaksiyalara səbəb olub. Ermənistan parlamentinin deputatı, Respublika Partiyasının üzvü Artaşes Geqamyan Paşinyanın bu çıxışını “açıq-aşkar təxribat” adlandırır. O qeyd edir ki, qeyd edir ki, “xalqın baş nazirinin” bu təxribatçı çıxışı Ermənistanı yeni müharibəyə sürükləyir, Minsk Qrupunun mövcudluğunu heçə endirir.
Məsələni dəyərləndirən politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında qeyd edib ki, Ermənistanda belə bir mövqe daha çox sağlam düşünənlərə xasdır. Amma deputatın söylədikləri siyasi qısqanclıq da ola bilər.
Politoloq qeyd edib ki, Paşinyana qarşı olan bəzi qüvvələr hələ ki, qorxu içindədirlər və səslərini tam çıxara bilmirlər:
“İrəvanda sovet hakimiyyəti olduğu zamanlarda mənfur bir plan ərsəyə gəldi. Qarabağda separatçılığa dəstək verən erməni millətçiləri, bəşəriyyətə qarşı çıxış edən qondarma yazıçılar, din xadimləri və digərləri Azərbaycan ərazilərində pis vəziyyət yaratdılar ki, Ermənistanın ərazisini böyütsünlər və Qarabağı Ermənistana birləşdirsinlər. Amma nəticədə nə olduğunu bilirik. Böyük müharibə baş verdi, hər iki tərəfdən itkilər oldu, ermənilər Azərbaycan torpaqlarında misilsiz dağıntıları həyata keçirdilər. Artıq 25 ildən çoxdur ki, müvəqqəti sülh anlaşması əldə edilib. Amma bu, qismən həyata keçirilir. Çünki istər-istəməz müharibənin işartılarını görürük və hər iki tərəfdən vaxtaşırı itkilər olur”.
T.Abbasov bildirib ki, Qarabağdakı cinayətkar dəstənin ərsəyə gəlməsi bir müddət Azərbaycana böyük təhlükə və təhdid idisə, indi həmin qüvvələr Ermənistana təhlükə törədir:
“Yəni, o qüvvələr Ermənistanın özünün elitasını, düşünən beynini və digər ictimai qurumları hədələyirlər. Ermənistanda kriminal və siyasi ünsürlər kəsişmə yollarında birləşiblər və əcaib bir görüntü yaradıblar. Biz həmin görüntülərin meydanda hansı yöndə çıxış etməsinin şahidi oluruq. Bu ondan xəbər verir ki, artıq Ermənistan bölgədə tək Azərbaycan üçün yox, qonşu xalqlar üçün də təhdidlər törədir. Bu tək bizim yox, həm də Gürcütsanın, Rusiyanın, İranın, Türkiyənin mübarizəsidir. Ona görə də Ermənistanda az-çox sağlam qüvvələr də var. Onlar anlayırlar ki, bu minvalla Ermənistan heç vaxt inkişaf yoluna çıxmayacaq”.
Politoloqun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən böyük gözləntilər var idi:
“Bir çox dairələr və siyasi qruplar gözləyirdilər ki, bu adam inqilabi prosesin zəminində Qarabağ məsələsi ilə bağlı daha müdrik və sağlam bir mövqe tutur. Amma Paşinyan bunu etmədi. Düşünürəm ki, Paşinyanın acizliyi onun daha çox qorxusu ilə bağlıdır. Məsələn, cini şüşədən buraxılar, sonra isə heç kəs o cini ram edib yenidən şüşəyə sala bilmir. Ermənistanda da məhz belə bir vəziyyət yaranıb. Ona görə də Paşinyan qarşıdan gələn qondarma "prezident seçkiləri"ndə istəyir ki, öz adamını "fəxri kürsü"yə yerləşdirsin. Sonradan isə ola bilsin ki, Qarabağdakı ipə-sapa yatmayan ünsürləri və quldurları tərki-silah etsin. Paşinyan bunu edə bilsə, hətta ona alqış da düşür. Belə bir məşhur deyim var: “Əgər savaşı saxlaya bilmirsənsə, çalış ona hakim kəsil və sonra onu ram et”. Ona görə də Ermənistan parlamentində baş verənləri az-çox anlayan insanlar bilirlər ki, bu çox ciddi təhlükədir və bundan qaçmaq olmaz. Əksinə ciddi tədbir görmək lazımdır”.