“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı situasiya çox mürəkkəbdir”. Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Ermənistan hakimiyyəti danışıqlarda güzəştə hazır deyil və aparılan müsbət danışıqlar həlledici məqamda tormozlanır:
“Münaqişənin həllinə maneə Ermənistan daxilində Paşinyanın reytinqinin düşməsi və bu fonda “Qarabağ klanı”nın işğal olunmuş ərazilərdə güclənməsidir. Digər məsələ isə Eçmiədzin Kilsəsi ilə Paşinyan arasında dərin problemin hökm sürməsidir. Qarabağ məsələsində Kilsənin də önəmi var. Demək olar ki, Kilsə və “Qarabağ klanı” Paşinyana münaqişənin həllində kompromisə getməyə imkan vermir. Növbəti ildə işğal olunmuş ərazilərdə qondarma seçki keçiriləcək. Hər iki klan bu "seçki"də öz adamını "rəhbər"liyə gətirməyə çalışır. Xüsusən Koçaryan-Sarkisyan üçün Qarabağda mövqelərini saxlamaq onlar üçün həyati məsələdir”.
M.Əsədullazadə bildirib ki, “Qarabağ klanı” bütün gücü ilə gələn il işğal olunmuş ərazilərdə keçiriləcək qondarma seçkilərə hazırlaşır:
“Klan öz mövcudiyyətini qorumaq üçün Paşinyana qarşı təzyiqləri artıracaq. Artıq, Paşinyan onların siyasətlərindən xəbərdardır və ultimatum göndərməklə güzəştə getməyəcəyini deyir. Moskva Qarabağdakı qondarma seçkidə Sarkisyan və Koçaryan tərəfdarlarının qalib gəlməsində maraqlıdır. Çünki, məhz Qarabağ vasitəsi ilə Ermənistana təzyiqlər edilir və ölkə nəzarətdə saxlanılır. Rusiya çalışacaq ki, “Qarabağ klanı”nın namizədi Vitali Balasanyan seçkidə qalib gəlsin. Məhz belə bir istəyi Paşinyan iqtidarından tələb edəcək. Əgər, Paşinyan razılşamasa, Kreml təzyiqləri artıracaq”.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan öz adamlarını rəhbərliyə gətirərək daha fərqli siyasət ortaya qoya bilər:
“Paşinyan Qərbin istədiyi şəkildə ölkəsində Rusiyanın mövqeyini zəiflədib, Qarabağda öz adamlarını "rəhbər"liyə gətirərsə, artıq daxili faktordan çəkinməyəcək. Həmçinin, Qarabağla bağlı müsbət addım atarsa və birbaşa danışıqlara gedib, ərazilərin qaytarılması ilə bağlı siyasi iradə göstərərsə, Qərb onu dəstəkləyəcək. Əgər, gələn il Paşinyan bu ssenarini reallaşdıra bilməsə, hakimiyyəti zəifləyəcək və demək olar ki, Qarabağla bağlı cəbhədə vəziyyət daha da mürəkkəbləşəcək”.