“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-York görüşündə nəticənin olmayacağı əvvəlcədən bəlli idi”.
Bunu Sherg.az-a açıqlamasında Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib.
Analitik bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın ritorikası, Azərbaycana müharibədən başqa yol qoymur:
“Belə halda İrəvan hökuməti ilə normal danışıq aparmaq, müsbət nəticə əldə etmək mümkün deyil. Paşinyan bütün danışıqlar körpüsünü yandırıb. Azərbaycan tərəfi də haqlı olaraq İrəvan hökumətinin sərsəm açıqlamalarına sərt reaksiya verib. Proses danışıqlardan uzaqlaşmaqda və qarşıdurma müstəvisinə keçməkdədir.
Ermənistanda daxili münasibətlər də xeyli gərginləşib. Sabiq prezident Robert Koçaryan həbsxanada saxlanılır. Məhz buna görə, İrəvana səfəri gözlənilən Rusiya prezidenti Vladimir Putinin Paşinyan hökuməti ilə ikitərəfli görüşdən imtina etməsi ilə bağlı xəbərlər yayılır. Məsələ ondadır ki, Rusiya-Ermənistan münasibətlərinin korlanması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə neqativ təsir göstərir. Bu mənada yaxın zamanlarda danışıqlarda pozitiv irəliləyiş gözləmirəm”.