“Rusiyalı deputat Zatulinin Qarabağa səfəri və orada söylədikləri münaqişə tərəflərinə ciddi siqnaldır”.
Bunu Sherg.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib.
Ekspert vurğulayıb ki, Zatulin çıxışı zamanı münaqişənin “Dağlıq Qarabağ xalqı”nın maraqlarına uyğun ədalətli həll olunacağına ümid etdiyini bildirməklə yanaşı, Rusiyanın 2 milyonluq erməni diasporunun qondarma rejimin dostu olduğunu qeyd edib:
“Rusiyalı deputat qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Hətta ona ermənilərin ilk katalikosunun adını daşıyan Qriqor Lusavoriç ordeni də verilib. Zatulin sıradan bir deputat deyil. O, hakim “Vahid Rusiya” partiyasının 4 dəfə mandat almış şəxsdir. Eyni zamanda MDB ölkələri ilə əlaqələr və əməkdaşlıq üzrə Dövlət Dumasınının komitə üzvüdür. Göründüyü ki, Zatulin kifayət qədər titullu və Rusiya rəhbərliyi qarşısında etmad qazanmış şəxsdir. Hesab edirəm ki, Zatulin separatçı rejimin rəhbəri ilə görüşərkən qondarma “respublika” ilə əlaqələrin daha da inkişaf etdirilməsi və regional məsələləri müzakirə edib. Hətta ola bilər ki, Dağlıq Qarabağ separatçılarının birbaşa Rusiyanın nəzarətinə keçməsi məsələsi də gündəmə gətirilib”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan tərəfi separatçı rejimi daim təzyiq və atəş altında saxlamalıdır:
“Qondarma rejimin rahat nəfəs almasına və kimlərinsə ora səfər etməsinə imkan verməməliyik. Əgər hansısa əcnəbi, beynəlxalq təşkilatlar görsələr ki, Dağlıq Qarabağ həqiqətən təhlükəli zonadır və səfər qorxuludur, o zaman sərhədlərimiz qanunsuz keçərək işğal altında olan ərazimizə gəlməkdən çəkinərlər. Nəticədə bu cür arzuolunmaz səfərlərin sayı xeyli azalar”.