Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regiona səfər ediblər. Ötən gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən həmsədrlər daha sonra Dağlıq Qarabağa yollanaraq, separatçılarla bir araya gəliblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Vasitəçilər Qarabağdan sonra Bakıya yola düşəcəklər. Həmsədrlərin yaydığı məlumata görə, görüşlərdə təmas xəttində atəşkəs rejiminin qorunub saxlanmasının vacibliyi vurğulanıb.
Sirr deyil ki, Azərbaycan ictimaiyyətində Minsk Qrupundan narazılıq pik həddədir. Vasitəçilərin fəaliyyətinə inamsızlıqla yanaşı, onların regiona mütəmadi səfərləri də mənasız turist səyahətləri kimi qələmə verilir. Lakin daha ciddi etiraz doğuran məqam həmsədrlərin Qarabağa gedərək qondarma rejimin “rəhbərliyi” ilə müzakirələr aparmasıdır.
Tural Abbaslı: "Azərbaycan tərəfi məsələyə kəskin mövqeyini bildirməli, bu ədalətsizliyə dur deməlidir"
Həmsədrlərlə bağlı narazılğı “Şərq”ə dəyərləndirən Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, ATƏT-in Minsk Qrupu istər siyasi, istərsə də ictimai fikir baxımdan çoxdan iflasa uğramış və legitimliyini itirmiş amorf bir strukturdur. Partiya rəhbərinin sözlərinə görə, nə siyasi partiyaların, nə də xalqın onlardan hər hansı bir müsbət gözləntisi var:
"Çünki həmsədrlərin fəaliyyəti daha çox Ermənistanın maraqlarına xidmət edir. Onların hər dəfə “müstəqil tərəf” kimi Qarabağdakı erməni terrorçuları ilə görüşməsi Ermənistanın mövqeyini gücləndirməyə xidmət edir. Onsuz da Ermənistan uzun zamandır Qarabağdakı separatçıları həll prosesinə cəlb etmək istəyir. Minsk Qrupu da bu məsələdə onlara yardım göstərir. Azərbaycan tərəfi məsələyə kəskin mövqeyini bildirməli, bu ədalətsizliyə dur deməlidir”.
T.Abbaslı bildirib ki, onlar Ağ Partiya olaraq həmsədrlərin dəyişdirilməsini və ən azından Türkiyənin ora əlavə edilməsini təklif ediblər:
"Münaqişə tərəflərindən birinin xristian kimliyi 3 həmsədr dövlətin mövqeyinə də təsir göstərir. Azərbaycan bütün beynəlxalq təşkilatların vasitəçiliyindən imtina etməlidir. Öz daxili məsələmiz olan ərazi bütövlüyümüzü ordumuzun gücünə bərpa etməliyik. Dünyanın ədalət anlayışına qətiyyən inanmıram. Odur ki, torpaqlarımızı canımız və qanımız bahasına geri qaytarmalıyıq”.