Hazırda türmədə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Sputnik-Armeniya” saytına müsahibə verib. Koçaryan bir çox məqamlara toxunaraq, hazırkı hakimiyyətin yanlış siyasət yürütdüyünü bəyan edib. Sabiq prezident Ermənistanın çox pis vəziyyətlə üzləşdiyini söyləyib.
Koçaryan vurğulayıb ki, Ermənistan hakimiyyətinin səhvləri ucbatından düşmən ölkənin siyasi arenadakı mövqeləri xeyli zəifləyib: “Səhvlər isə göz qabağındadır. Paşinyanın “Qarabağ – Ermənistandır” kəlməsi ümumiyyətlə bu münaqişənin sülh yolu ilə həllini puça endirib. Hər şey Azərbaycanın lehinə çevrilib, yəni ərazi bütövlüyünün vacibliyi prinsipinə”. Keçmiş rəhbər qeyd edib ki, xarici işlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə verdiyi son müsahibə çox ciddi fəsadlara gətirib çıxara bilər:
“Bu faktorlar Azərbaycanı hərəkətə keçməyə vadar edir. Bakı “Biz öz torpaqlarımızı, ərazi bütövlüyümüzü tələb edirik” deyərək hərbi əməliyyatlara başlaya bilər. Bu gün erməni xalqı başa düşməlidir ki, müharibənin fəsadları əvvəlkindən qat-qat dağıdıcı olacaq. Bəlkə bunu Ermənistan hakimiyyəti və onun feysbukdakı tərəfdaşları dərk etsə, bir az yuxudan ayıla bilərlər. Bu insanların müharibədən anlayışları belə yoxdur. Siz təsəvvür edin, qarşı tərəf ordu xərclərini 20 faiz artırdığı zaman bizim hərbi büdcəmizin dolmasının özü şübhə altındadır. Mən bunu söyüşsüz xarakterizə edə bilmirəm”.
Əlbəttə, “Qarabağ klanı”nı təmsil edən şəxsin Paşinyan hökumətini tənqid etməsi başadüşüləndir. Bunu klanlararası mübarizə kimi də dəyərləndirmək olar. Amma keçmiş prezident Ermənistanda çoxlarının dilə gətirməkdən ehtiyat etdiyi reallıqlara barmaq basıb. Şübhəsiz, onun ifadələri erməni ictimaiyyətinə müəyyən təsirlərini göstərəcək.
Sabiq prezidentin açıqlamalarını “Şərq”ə təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Robert Koçaryanın ifadələrində maraqlı məqamlar var.
Analitikin sözlərinə görə, Koçaryanın ifadələri ilk növbədə Nikol Paşinyanın atdığı addımlara qarşıdır və baş nazirdən revanş almaq cəhdidir: “Paşinyan Ermənistanda kifayət qədər güclü siyasi və iqtisadi rıçaqlara malik, hərbiçilər arasında nüfuzu olan bir şəxsi həbsxanaya atıb. Yəni Koçaryanın etirafları rəsmi Bakıdan daha çox Paşinyan hökumətinə bir ismarıc idi. Çünki Paşinyan Qarabağdakı ermənilərin “lideri” olduğunu və Qarabağda baş verən proseslərin onun nəzarəti altında olmasını söyləmişdi. Ancaq reallıq odur ki, Ermənistan baş nazirinin sərsəm bəyanatları pozucu xarakter daşıyır. Həm baş nazirin, həm də Mnatsakanyanın absurd açıqlamaları qətiyyən Ermənistanın xeyrinə deyil. Ermənistanın əvvəlki hakimiyyəti “Yenilənmiş Madrid prinsipləri”ni qəbul etməsinə baxmayaraq, indiki erməni hökuməti faktiki olaraq prosesləri qəsdən dalana dirəyir. Əvvəlki rejim sadəcə vaxt udmağa hesablanmış siyasət aparırdı, amma buna baxmayaraq, danışıqlardakı oturuşmuş qaydanı pozmurdu. Paşinyan hökuməti isə heç bir qayda-qanuna riayət etmir və əsla kompromisə getməyəcəyini iddia edir. İrəvan hakimiyyətinin bu cür davranışı isə rəsmi Bakını münaqişəni digər yolla həll etməyə sövq edir. Azərbaycanın potensialı, siyasi-iqtisadi və hərbi resursları buna imkan verir”.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da “Şərq”ə bildirib ki, Ermənistan cəmiyyəti artıq “qələbə” eyforiyasından oynamağa başlayıb:
“Siyasətçi kimi naşılığı Paşinyanı dalana salıb. O, özü ilə bərabər idarə etdiyi erməni xalqını da çıxılmaz vəziyyətə salıb. Hansı ki, opponentləri bundan ona qarşı istifadə etməyə başlayıblar. Onun “Qarabağ-Ermənistandır” bəyanatı həm beynəlxalq aləmdə qeyri-ciddi siyasətçi imici yaratdı, həm də danışıqları dayandırıb məsələni müharibə yolu ilə həll etməyə üstünlük verməyimizə səbəb oldu. Koçaryan daha təcrübəli siyasətçi kimi Ermənistanın xarici işlər nazirinin BBC-yə verdiyi müsahibənin ciddi fəsadlara gətirib çıxaracağını anlayır. Əslində bizim üçün Koçaryanın və ya Paşinyanın fikirləri maraqlı olmamalıdır. Biz tezliklə öz torpaqlarımızda anti-terror əməliyyatlarına başlamalıyıq. Beynəlxalq ictimaiyyəti öz öhdəliklərinə əməl etməməkdə günahlandırıb, hərbi və siyasi hazırlıqdan sonra vətən müharibəsinə başlamalıyıq. Ermənistan “qırmızı cizgi”ni çoxdan və dəfələrlə keçib. Bu, bizə mesaj olmalıdır. Həm dünya ictimaiyyətinin, həm də erməni xalqının nazı ilə çox oynadıq, artıq söz Azərbaycan xalqının olmalıdır”.