İrəvan narahatdır: Qarabağla bağlı ənənəvi tezisdən məhrum olacaqlarını bilirlər

“Ermənilər bizimlə şərtlə danışır, deyirlər ki, əgər Qarabağa türklər qayıdacaqsa, ermənilər də Sumqayıt, Bakıya qayıtmalıdırlar”. Bunu Sherg.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Ekspert bildirib ki, bu absurd şərtə biz də əks şərt irəli sürə bilərik: 

“Qarşılıqlı şərt qoyaq ki, azərbaycanlılar da Zəngəzur, Göyçə, İrəvan, Dərləyəz və indi Ermənistan adlanan digər tarixi ərazilərimizə qayıtmalıdırlar. Görək, onda ermənilər nə deyəcək?! Bütün hallarda bu məsələdə üstünlük bizdədir. Çünki, ən azı Qarabağın yarıdan çoxunu həmişə türklər təşkil edib. Sadəcə ermənilər Qarabağa azərbaycanlı icmasının qayıdışının qarşısını almaq üçün yaxın keçmişə əsaslanaraq sərsəm fikirlər söyləyirlər. Əgər dünya gücləri qəbul etsə ki, Qarabağda təkcə ermənilər deyil, azərbaycanlılar da yaşayıb, ermənilərin illərdir aparıdığı propaqandanı alt-üst edəcək. 



Əhəd Məmmədli: “Düşmən riyakarlığının və həyasızlığının arxasında bu məqam dayanır”


Ermənilər dünya ictimayyətini daim aldadıblar ki, guya Qarabağda ancaq erməni icması olub. Azərbaycanlı icmanın Qarabağa qayıdış mübarizəsi və bunun nə vaxtsa reallaşması erməni yalanlarının ifşası deməkdir. İrəvanı narahat edən əsas amil isə danışıqlar prosesində bu məsələdə mövqeləri əldən verməkdir. Bununla ermənilər “Qarabağda ancaq erməni icması söz sahibidir” tezisindən birdəfəlik məhrum ediləcəklər. Düşmən riyakarlığının və həyasızlığının arxasında bu məqam dayanır”.