"Çavuşoğlunun mesajı Rusiyayadır !"  – Kremlin “hegemonluq pəncərəsi” qapanır ! 

“Ermənistanı müharibəyə sürükləyərkən Türkiyənin Azərbaycanın yanında olduğunu nəzərə almalıdır”

“Ən kritik məqamda Türkiyə öz hərbi gücüylə savaş meydanında peyda ola bilər”

“Bu halda, həm Ermənistan birdəfəlik sıradan çıxarılar, həm də Cənubi Qafqaz Rusiyanın nəzarətindən tamamilə çıxar”




Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib. Nazir bu barədə  “Twitter” səhifəsindən paylaşım edib: “Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram”.
M.Çavuşoğlu Ermənistanın son təxribatında şəhid olan kiçik çavuş Elşən Məmmədovun ailəsinə və xalqımıza başsağlığı verib:
“Bir qəhrəman Azərbaycan əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk”.

Qardaş ölkənin dəstəyini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, hazırda cəbhə bölgəsində baş verənlərin məzmun və istiqamətləri bizə bu hadisələrə bir qədər geniş spektrdə baxmaq haqqı tanıyır.  Analitik qeyd edib ki, uzun illər davam edən sükutdan sonra Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin yenidən alovlanması Cənubi Qafqaz uğrunda mübarizənin növbəti mərhələsinin başlamasından qaynaqlanır:



“Yeni dünya düzənində dünyanın bəzi önəmli bölgələrinə nəzarətin ələ keçirilməsi əsas geopolitik hədəflərdən birinə çevrilib. Cənubi Qafqaz dünyanın ən önəmli regionlarından biridir. Çünki bu bölgəyə nəzarət edən dövlət, həm də Xəzəryanı regionu və Orta Asiyanı öz təsir dairəsində saxlamaq imkanları qazanmış olur.

İndiyə qədər bu imkanlar Rusiyanın əlində cəmlənib. Ancaq son aylarda həm dünyada, həm də Cənubi Qafqaz regionunda situasiya böyük sürətlə dəyişib və dəyişməkdə davam edir.

Cənubi Qafqaz regionunda şəriksiz hegemonluq edən Rusiya artıq öz sərhədləri içərisinə sıxışdırılmaqdadır. Hazırda Rusiyanın qərb sərhədləri Baltikyanı regiondan tutmuş üzü cənuba doğru – Polşa da daxil olmaqla, ABŞ və NATO-nun hərbi bazaları ilə əhatə olunub. Rusiya son dövrlərdə öz sərhədləri içərisinə həbs olunmaqda olan dövlətə çevrilməyə başlayıb.

Eyni proses Rusiya üçün taleyüklü əhəmiyyət daşıyan Qara dəniz regionunda da cərəyan edir. Bu baxımdan ABŞ və Qərb üçün Cənubi Qafqaz regionunun da əhəmiyyəti ciddi şəkildə artmağa başlayıb. Bu bölgə də Rusiyanın nəzarətindən çıxarılarsa, onda Kreml üçün bir önəmli “hegemonluq pəncərəsi” də qapanmış olacaq. Bunun nəticəsi olaraq da Kreml üçün Xəzəryanı regionun və Orta Asiyanın da itirilmə təhlükəsi real görüntülər ala bilər.

Bu halda Rusiyanın tamamilə öz sərhədləri daxilinə qapadılan, sıradan dövlətlərdən birinə çevriləcəyi qətiyyən şübhə doğurmur. Şübhəsiz ki, Kremldə Rusiya üçün bu qorxunc təhlükəni görürlər. Ona görə də Rusiya Cənubi Qafqaz uğrunda mübarizdə bütün resurslarını işə salıb. Kremlin əsas geopolitik resursu isə təbii ki, Ermənistan sayılır”. 

Ekspert söyləyib ki, Rusiya Ermənistanı silahlandıraraq, Azərbaycana qarşı müharibəyə hazırlamaqla, Cənubi Qafqazda geopolitik situasiyanı gərginləşdirməyə çalışır:

“Çünki gərginlik və müharibənin yarada biləcəyi geopolitik xaos Rusiyanın Cənubi Qafqaz regionundakı hegemonluq dövrünü nisbətən uzada bilər. Ancaq bu məsələdə də Rusiya Türkiyə əngəli ilə üzləşmiş durumdadır”. 

E.Xalidbəyi vurğulayıb ki, Türkiyə artıq güclü dövlətdir və rəsmi Ankaranın siyasi iradəsi ilə mütləq hesablaşmaq lazımdır:

“Türkiyə Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycanın yanında yer almaqla, Rusiyanın geopolitik planlarını ciddi şəkildə pozmaqdadır. Kreml hələlik Türkiyə əngəlini aşmaqda çətinlik çəkir, bu məsələnin həlli yolunu tapa bilmir. Türkiyənin Azərbaycanın yanında yer aldığı müddətdə Rusiyanın Ermənistan üzərindən Cənubi Qafqazı qarışdırmaq planları iflasa məhkumdur. Çünki rəsmi Ankara Türkiyənin Azərbaycan və Ermənistan arasındakı silahlı münaqişəyə hətta iştirakçı tərəf statusunda qatıla biləcəyini belə gizlətmir. Bu isə Kreml üçün ən uğursuz variantdır”. 

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın hərbi qüdrəti qarşısında duruş gətirmək imkanında deyil:

“Üstəlik Türkiyə də hərbi münaqişəyə qatılarsa, bu, Rusiyanın regiondakı yeganə geopolitik təsir mexanizminin sıradan çıxarılması, ardınca isə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər. Bunun qarşılığındasa, Rusiya yaxın gələcəkdə Türkiyə ilə hərbi münaqişəyə girməyə həvəs göstərməz. Çünki bu, Rusiyanın birbaşa NATO ilə hərbi münaqişəyə girmək anlamı daşıya, olduqca ağır nəticələri ola bilər”. 

Analitikin fikrincə, Çavuşoğlunun “Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram” mesajı əslində İrəvana deyil, birbaşa Rusiyaya ünvanlanıb:

“Rəsmi Ankara Kremlə anlatmağa çalışır ki, Ermənistanı müharibəyə sürükləyərkən Türkiyənin Azərbaycanın yanında olduğunu nəzərə almalıdır. Çünki ən kritik məqamda Türkiyə öz hərbi gücüylə savaş meydanında bir anda peyda ola bilər. Bu halda, həm Ermənistan birdəfəlik sıradan çıxarılar, həm də Cənubi Qafqaz Rusiyanın nəzarətindən tamamilə çıxar. Bütün bunları nəzərə aldıqda “nifaq alması”na çevrilmiş Cənubi Qafqazda nə hərb, nə sülh vəziyyəti yaranıb. Yaxın vaxtlarda Cənubi Qafqaz uğrunda mübarizənin daha həlledici mərhələsinin başalaya biləcəyi də qətiyyən istisna deyil”.