Qarabağa səfər

Bu, sadəcə vətəndaşlarımızın gəzmək həvəsi ilə izah edilə biləcək bir hadisə deyil

Bunun altında çox böyük bir vətənpərvərlik hissi var

Qarabağa insan axını orada məskunlaşan vətəndaşlarımızda böyük sevinc hissi yaradır

  “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Şuşa, Ağdam, Füzuli şəhərlərinə müntəzəm avtobus reysləri uzun müddətdir təşkil edilir. Aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa, Suqovuşan qəsəbəsi ilə bərabər, həm də Laçın şəhərinə səfər edirlər. İki aya yaxındır Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında xeyli artım müşahidə olunmaqdadır. Xüsusən, bayram günlərində Şuşa şəhərinə 2650 avtomobil ilə 12 min 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 min 330 nəfər gedib. 2023-cü il dekabrdan Şuşa şəhərinə ümumilikdə 72 nin 298 nəfər, Laçın şəhərinə isə 42 min 670 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb. Qeyd edək ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir. Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl-Zəngilan- Qubadlı-Laçın marşrutu ilə mümkündür. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alınır. Qeyd edək ki, "Böyük Qayıdış"a əsasən, indiyə qədər Laçın şəhərinə ümumilikdə 2000 ailə köçürülüb. Göründüyü kimi qayıdış prosesi ilə paralel insanlar işğaldan azad edilmiş ərazilərə qısamüddətli istirahət üçün də səyahət edirlər. Vətəndaşlar eyni yerlərə təkrar getmək istəmir, yeni bölgə axtarışına çıxırlar. Yay aylarında gözəl və füsunkar təbiətli Qarabağ dincəlmək və turistik səfər üçün ən ideal bölgələrdəndir. Bu həm ölkədə daxili turizmin inkişafına, həm də regionda sosial-iqtisadi inkişafa yol açmaqdadır. Səfərlərin genişləndirilməsi həmin ərazilərdə yeni yaşayış obyektlərinin açılmasına, infrastrukturun, hotellərin, restoranların inkişafına təkan verir. Həmin ərazinin çiçəklənməsinə birmənalı şəkildə qatqısı olur. Statistikaya görə, yaxın gələcəkdə turistlərin ən çox axın etdiyi yer də Qarabağ bölgəsi olacaq. Çünki Qarabağın yüksək turizm potensialı var. Nəinki daxili turizm, burada həmçinin ekstrim, sağlamlıq kimi müxtəlif turizm növlərini də inkişaf etdirmək olar. Qarabağ bölgəsinin mətbəxi və Qarabağ atları insanları özünə cəlb edir. Bu da Azərbaycan iqtisadiyyatına və turizminə böyük ölçüdə fayda verir. Laçında tikilməkdə olan hava limanına beynəlxalq statusun verilməsi böyük önəm daşıyır. Bu, o deməkdir ki, xaricdən birbaşa Laçına aviareyslər təşkil olunacaq. Bu, həm laçınlıların rifahını yaxşılaşdıracaq, həm də iqtisadiyyata böyük töhfə verəcək. Laçın aeroportu Şuşa və yaxın ətraf rayonlara da, Kəlbəcər, Xankəndiyə də xidmət edəcək.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan xalqı tarixi zəfərdən sonra 30 illik həsrətinə qovuşdu. Deputatın sözlərinə görə, işğal altında olan torpaqlara qayıtmaq, oranı görmək, orada yaşamaq təkcə məcburi köçkünlərimizin arzusu deyil, bütün Azərbaycan xalqının arzusudur:

"Ona görə də bu ümummilli arzumuz reallaşdıqdan sonra çoxsaylı Azərbaycan vətəndaşları mütləq Qarabağa, Şərqi Zəngəzura getmək, oradakı gözəllikləri görmək istəyirlər. İşğal altında qalan torpaqlarımızda viran edilmiş tarixi mirasımıza baxmaq istəyirlər. Azad edilmiş torpaqlarımızda quruculuq işlərinin necə aparıldığını, necə həyata keçirildiyini izləyirlər. Yəni əslində, bu gün Şuşaya, Laçına, Kəlbəcərə, Zəngilana, Füzuliyə, Ağdama, Xankəndiyə, Ağdərəyə, Əsgərana getmək, sadəcə vətəndaşlarımızın gəzmək həvəsi ilə izah edilə biləcək bir hadisə deyil. Bunun altında çox böyük bir vətənpərvərlik hissi var. Amma şübhəsiz ki, bu həm də sırf ölkədaxili turizmin inkişafı kimi qiymətləndirilməlidir. Qarabağa insan axını orada məskunlaşan vətəndaşlarımızda böyük sevinc hissi yaradır. Eyni zamanda onların ailə büdcəsinə və azad olunmuş regionumuzda iqtisadiyyatın dirçəldilməsinə təkan verir. Yeni inşa olunan hotellərin, turizm məkanlarının vətəndaşlarımızın coşqulu axınından faydalanması müsbət haldır. Bu, yerli sakinlərin kənd təsərrüfatına, müxtəlif istehsal obyektlərinə də fayda verəcək. Düşünürəm ki, bu maraq ölkə daxilində turizmin inkişafı baxımından, ən əsası isə "Böyük Qayıdış"ımızın perspektivi ilə bağlı çox mühüm imkanlar yaradır. Nəticə etibarı ilə Şərqi Zəngəzur və Qarabağ ərazisi Azərbaycanımızın ən çox sevilən turizm məkanlarından biri olmaqla bərabər, həm də Azərbaycan xalqı tərəfindən "Böyük Qayıdış"ın təqdir olunması və ona dəstək kimi qəbul edilməlidir".