Prezident İlham Əliyev: Ermənistan bizi təxribatlara çəkir və onlar bunun acı nəticələrini görəcəklər


Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişdim. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, Qarabağ Ermənistandır, onda hansı danışıqlardan söhbət gedə bilər?

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistan rəhbərliyinin təxribat xarakterli bəyanatların danışıqlar prosesinə vurduğu zərbələr barədə danışarkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişdilər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının dırnaqrası “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar şüurlu şəkildə bizi təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”.