"Şuşa həbsxanasını Natavan tikdirməyib"

Divarlarından qan süzülən vahiməli zindanı "Şuşa" qəzetinin baş redaktoru anladır

"Divarda xüsusi tabutabənzər siyirmə formasında yer hazırlanmışdı. Dustağı həmin dəmir siyirməyə qoyub divarın içinə itələyirdilər"

Şuşa həbsxanasının divarları arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar? Kimlər cəza çəkə-çəkə ölüb, kimisi də şikəst qalıb...
Şuşa həbsxanasının Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilməsi haqqında məlumatlar mövcuddur. Bəzi məlumatlara görə, həmin vaxta qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.


Qeyd edək ki, çoxsaylı mənbələr tərəfindən tirajlanan bu məlumatlar həqiqəti əks etdirmir. "Şuşa" qəzetinin redaktoru, tarixçi Vasif Quliyev deyir ki, Şuşa həbsxanasının Xan qızı Natavan tərəfindən tikdirilməsi faktı yanlışdır:

"Mən sözügedən türmə haqqında çox araşdırma etmişəm. Amma heç bir məlumat  tapa bilmirdim. Nəhayət, bunu iki il öncə rəsmi sənədlərdə tapdım. Deməli, Şuşa həbsxanası Rus çarının əmri ilə Çar hökumətinin vəsaiti hesabına tikilib. Həbsxana 1872-ci ildə inşa edilib. Ora, həmçinin, 200 nəfər məhbus üçün nəzərdə tutulub. Görünür, sonradan boş yerlərdə kameraların sayını artırıb bunu 350-yə çatdırıblar. 

Şuşa həbsxanası çox ciddi rejimli bir yer idi. Onu da deyim ki, hətta, Bayıl həbsxanası da onun yanında yalan olardı. 
Orada Qaçaq Nəbi yatıb, K.Məhəmməd, Qaçaq Səlim və s. adamlar məhkum olublar. Bu baxımdan Şuşanın həbsxanası da tarixi bir yerdir". 

Bəs həbsxana niyə məhz Şuşada tikildi? 

"Şuşa elə bir yerdir ki, ora Qarabağın paytaxtı idi və kriminal hadisələr də daha çox olurdu. 
Hazırkı cəzaçəkmə müəssisəsinin yerində əvvəllər, xanlıqlar, Çar Rusiyası dönəmində zindanlar var idi. Yəni indiki həbsxanaların qədim forması. 
Mən bir şuşalı kimi oranın içərisini görməmişəm. Amma orada 1957-58-ci illərdə iki dəfə olmuşam. Yadımdadır, anamla dustaq yanına getmişdik. Onda da sadəcə həyətini görmüşəm.  Yəni içəri girmək mümkün deyildi.  Amma elə bir yerdir ki, adam hələ onun həyətindən içəri girəndə vahimə basır, bağrı çatlayır. Bax, əsl türmə odur.  Hələ Sovet dövründə də bütün ağır cəza alanları ora göndərirdilər. Tək Azərbaycanda yox, bütün SSRİ-də. Çünki ora elə bir yerdə idi ki, içindən qaçmaq mümkün deyildi. Doğrudur, həyətindən qaça bilən olub. Amma kameralardan qaçmaq qeyri-mümkün idi.   İndi bizimkilər oranın içərisini çəkib göstərirlər. Lakin hələ o da oranın gerçək təsəvvürünü yarada bilmir".  Deyirlər ki, Şuşa həbsxanasının Qriqoryan adlı çox qəddar erməni rəhbəri olub...  "Nə deyirlər desinlər, türmə türmədir. Azərbaycanlı da qəddar olub, erməni də. Təbii ki, söhbət Sovet dövründən gedir. Çünki oğrusu, banditi və s. hamısını aparıb ora salırlar. Bilirsiz, o zaman elə dövr idi ki, bir məsəl var deyir, "koxanı gör kəndi çap". Oraya düşən hər kimsə pulunu verirdisə, onu incitmirdilər. Bütün gün nərtaxta oynayırdılar. Axşamı saat 12-dən sonra da nəzarətçilərin müşayiəti ilə şəhəri gəzməyə çıxırdılar. Cıdır düzündən tutmuş İsa bulağına qədər gəzirdilər. Səhər saat 6-da isə həbsxanaya gətirilirdilər ki, dövlət xəbər tutmasın. 
Ora türmə idi, nə oyun, nə gəzmək! Lakin orda erməni, ya da azərbaycanlının rəis olmasının fərqi yox idi. Pulunu verirdinsə, sənə toxunmurdular". 

Qeyd edək ki, tarixi abidə sayılan həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. Ora SSRİ dövründə də qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Həbsxananın qapısından içəri girəndə tükürpərdən mənzərə bir yana,  kameralardan gələn üfunət iyi adamın başını çatladır. Kirli divarlar, yarıqaranlıq otaqlar, ağır dəmir qapılar burda saxlanan insanların necə dəhşətli günlər keçirməsi haqqında ilk baxışdan bədbin təəssüratlar oyadır.
Qriqoryanın ağalıq etdiyi dövrlərdə isə məhbuslara qarşı edilən rəftar əndazəni aşıb, erməni qaniçənlərinin hamısı dustaqların məhvinə çalışıblar. Məhz o dövrdə -1985-ci ilin əvvəllərində Şuşa qazamatının ittifaqın ən ağır rejimli türmələrindən sayıldığı bir dövr idi. 

Həmin illər ərzində Şuşa türməsində cəza çəkən azərbaycanlı sözügedən türməni və verilən dəhşətli cəzaların sadəcə birini dilə gətirib:

"Deməli, divarda xüsusi tabutabənzər siyirmə formasında yer hazırlanmışdı. Dustağı həmin dəmir siyirməyə qoyub divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi. Tabutun fərqi və üstünlüyü isə ondan ibarətdir ki, içindəki canlı insan yox, meyit olur. Burada isə adamı həm cismən, həm də ruhən qəbr əzabına məhkum edirdilər. Əl-ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustaq soyuqdan çox, ordakı siçovulların dişdəyinə dözə bilmir... 

Nəisə, mənim də əl-ayağımı qandallayıb həmin tabut formalı dəmir qutuya qoyaraq divarın içərisinə saldılar. Əlim, qolum, ayağım bağlı, başımı qaldırıb oturmağa imkan yox. Bir sözlə, əsl qəbir idi. Qəbir yox ey, əsl cəhənnəm. Soyuqdan donmağım bir yana, bəlkə də 20-30 siçovul üstümə tökülüşüb didirlər məni. Özümü qoruya da bilmirdim. Bədənimi silkələməklə onları qovmağa çalışırdım... İlahi"!!!

1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.

İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.  
Vahiməli həbsxanalardan hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. 

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. 
O zaman hələ işğal altında olan Qarabağda qanunsuz keçirilən "məhkəmə"nin qərarı ilə Dilqəm ömürlük, Şahbaz isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdular.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana köçürülsələr də, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində adıçəkilən mülki şəxslərimiz Vətənə qaytarıldılar... Beləcə, onlar Şuşa türməsində erməni zülmünə məruz qalan sonuncu azərbaycanlılar oldular. 

Fəqət, tarix unudulmadığı kimi, tarixdə qalan heç bir şey də yaddaşlardan silinmir. Hələ bu tarixi insan oğlu özü yaşaya. Daşlarından qan süzülən həbsxananı Dilqəm Əsgərov yaddaşında belə xatırlayır:

"İşgəncələr əsasən ilk dövrlərdə çox amansız idi. Dırnaqlarımızı, əllərimizi, bədənimizi... Möhkəm döyürdülər. Heç birini unutmamışam.
Şprisin içinə spirt doldururdular, ayaqları kəsilənlərin qollarına, ayaqları olanların ayağına vururdular. Bunu da İrəvan erməniləri edirmiş, Qarabağdan olan ermənilər yox".

Ağarza Elçinoğlu