Ciddi addımlar atılır: Zəngəzur dəhlizi açılır...

“Ölkə başçısının Zəngilanda söyləydiklərinin də əsas səbəbi odur ki, Zəngəzur dəhlizinin Zəngilandan keçəcək hissəsi Azərbaycan tərəfinin coğrafi ərazisidir”

“Prezidentin məlum çıxışı həm Ermənistana, həm İrana - bir sözlə bütün tərəflərə yönəlik mesaj oldu”

“Ölkə başçısı Zəngilandakı açıqlamalarla prosesin sürətli getdiyini bəyan etmiş oldu”

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə başçısı görüşdə mühüm məqamlara toxunub:“Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək”.

Dövlət başçısı deyib: 

“Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.

Ölkə başçısının söylədiklərini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Prezident Zəngilanda Dövlətlərarası Komissiyanın öz işində xeyli məsafə qət etdiyini diqqətə çatdırmaq istəyib:

“Paşinyanın açıqlamalarında görürük ki, dəmiryolu ilə paralel olaraq avtomobil yolunun açılması da reallaşacaq. Ən önəmli və Azərbaycanın vaz keçməyəcəyi birinci şərt kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi prinsipcə buna razılıq verib. Bizə məlum olmayan amma ümumilikdə tərəflər arasında demarkasiya və delimitasiya proseslərinə dair böyük ölçüdə işlər görülüb. 

Bu baxımdan Azərbaycanla Ermənistan arasında perspektivdə fundamental olaraq hansısa ciddi problem yaradacaq nüansların sayı çox azdır. Yeganə düyün nöqtəsi təxribatlardır. Avropada və Qarabağda yaşayan ermənilər, eləcə də Amerikadakı erməni lobbisi müəyyən dərəcədə təxribatlara əl atır, ümumi prosesi sabotaj edirlər. 

Cənab Prezident də qeyd etdi ki, proseslərdə öhdəlik və məsuliyyət daşıyan Rusiyanın ümumi fəaliyyətindən razıyıq, müəyyən situativ məsələlər olsa da, əsas nəticəyə yönəlik meqa addımlar atılır. Azərbaycan bölgəyə qayıdır, ərazi bütövlüyümüz bərpa olunur.

 Ermənistan tərəfi də ərazi bütövlüyümüzü tanıyır. Ölkə başçısının Zəngilanda söyləydiklərinin də əsas səbəbi odur ki, Zəngəzur dəhlizinin Zəngilandan keçəcək hissəsi Azərbaycan tərəfinin coğrafi ərazisidir. Prezidentin məlum çıxışı həm Ermənistana, həm İrana - bir sözlə bütün tərəflərə yönəlik mesaj oldu. 

Ölkə başçısı Zəngilandakı açıqlamalarla prosesin sürətli getdiyini bəyan etmiş oldu”.