“Yaşımın elə vaxtıdır ki, Zəngilanda yaşamaq çox yaxşı olardı”

“Dövlət başçısı və Birinci xanımın rayona səfəri böyük əhəmiyyət daşıyır”

“Ermənistanla həmsərhəddir və haqqında çox danışılan Zəngəzur bölgəsinin giriş qapısıdır”

“Yəni Zəngilan kommunikasiyaların bir növ "döyünən ürəyidir"

Zəngilan şəhəri artıq bir ildir ki, işğaldan azaddır. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.
Hazırda Zəngilanda birinci “Ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Layihə rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Oktyabrın 20-də Zəngilanın azad olunmasının bir illiyi münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilana səfər edib və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. 

Ölkə başçıs görüş zamanı kifayət qədər mühüm açıqlamalar verib.

Zəngilanın azad olunmasının bir illiyi ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən BDU-nun professoru, əslən bu rayondan olan tanınmış teletənqidçi Qulu Məhərrəmlinin sözlərinə görə, neçə gündür ki, medianın gündəm mövzusu Zəngilandır və buna sevinmək lazımdır:

“İşğaldan azad edilmiş rayonlarda aparılan quruculuq işlərinin mediamızda bu dərəcədə geniş işıqlandırılması təqdirolunandır. Ümumiyyətlə, ölkə ictimaiyyətində Zəngilanla bağlı məlumatlar azdır. Bəlkə də, əsas səbəblərdən biri rayonun coğrafi ərazisinin kiçik olmasıdır. Lakin tarix səhifələrini vərəqlədikcə rayon haqqında geniş təsəvvür yaranır.

Hesab edirəm ki, dövlət başçısı və Birinci xanımın rayona səfəri böyük əhəmiyyət daşıyır. Rayonun işğaldan azad olunduğu 1 il ərzində vətəndaşlarımız xeyli informasiyaya yiyələniblər. Amma bu səfər Zəngilanda aparılacaq bərpa işlərini ön plana çəkir. 

Məlumdur ki, Zəngilan təbiəti və yerləşdiyi coğrafi mühit baxımdan mühüm əhəmiyyətə malikdir. Bu rayon bir tərəfdən İranla qonşudur, digər tərəfdən Ermənistanla həmsərhəddir və haqqında çox danışılan Zəngəzur bölgəsinin giriş qapısıdır. Yəni Zəngilan kommunikasiyaların bir növ "döyünən ürəyidir".

Onu da qeyd edim ki, "Ağıllı kənd" layihəsi ilk dəfə Zəngilanda tətbiq olunub. Quruculuq işləri yekunlaşdıqdan sonra təbii ki, Zəngilanda yaşamaq istəyərəm. Həm də yaşımızın elə vaxtıdır ki, orada yaşamaq çox yaxşı olardı”.