“Şərqi Zəngəzur şəhərlərinin baş planı təsdiqlənəcək”

“Bundan sonra ora əhalinin qayıdışı baş tutacaq”

“Bütün bunlar Ermənistanın yanında bir cənnət vadisi yaratmaq kimi də nəzərə çarpa bilər”


Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Məlum Sərəncamın böyük əhəmiyyətə malik olduğunu vurğulayan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, Şərqi Zəngəzur Azərbaycanın yeni ərazi vahididir və Qarabağa aid olmayan bir bölgədir. Ə.Əlibəyli həmçinin Sərəncamın əhəmiyyətini də diqqətə çatdırıb:

“Bu sənədlə həm kompleks olaraq işğaldan azad olunmuş Qarabağı bərpa edirik, eyni zamanda Azərbaycanın digər qədim tarixi torpağı olan Şərqi Zəngəzurdan başlayaraq iqtisadi rayonların Baş planının hazırlanmasını həyata keçiririk. Baş planın hazırlanması iqtisadi gücümüzdən xəbər verir. Zəngəzur adı yüz il ərzində Ermənistanla assosiasiya olunub. Bu baxımdan məlum sənəd Zəngəzurdakı varlığımızı özündə əks etdirən Sərəncamdır. Digər tərəfdən isə yenidənqurmanın və yeni konsepsiyanın əsasını qoyaraq, iqtisadi gücümüzü göstəririk. Yəni dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına sərf olunacaq kifayət qədər vəsaitimiz var. Bütün bu mesajlar həm təhülkəsizlik, həm də bölgəyə “Böyük qayıdış”ın həyata keçirilməsinə aid olan resursların rahat və geniş şəkildə sərf olunmasını əks etdirir. Məsələnin əsas mahiyyəti odur ki, Azərbaycanın bölgədə yaşayan məcburi köçkünləri geri qayıdacaq, növbəti dəfə Şərqi Zəngəzurun inkişaf etmiş şəhərlərinin Baş planı təsdiqlənəcək və bundan sonra ora əhalinin qayıdışı olacaq. Bütün bunlar Ermənistanın yanında bir cənnət vadisi yaratmaq kimi də nəzərə çarpa bilər. Cənab Prezidentin imzaladığı Sərəncam birbaşa erməni ictimaiyyətinin də inkişaf etmiş qonşu bölgəyə inteqrasiyasını şərtləndirəcək. Bir sözlə, yeni sənədə əldə olunan qələbə və iqtisadi uğurlara adaptasiya kimi baxmaq lazımdır”.