18 noyabr 2021-ci ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb. V.Putin bildirib ki, Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir.
Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir:
“Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”.
Rusiya prezidentinin fikirlərini "Sherg.az"a şərh edən politoloq Əhəd Məmmədli deyib ki, Rusiyanın məqsədi Cənubi Qafqazda, Qarbağda qalıcı olmaqdı:
"Kreml Zəngəzurda silahlı qüvvələri yerləşdirmək istəyir. Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında barışıq olmasını arzulamır. Dnestryanı ilə bağlı ssenarini Qarabağda da həyata keçirir. Buna Azərbaycan imkan verməməlidir. Rusiyaya şərait yaranarsa, rəsmi Bakı Qarabağ ərazisinin suvenerliyini təmin edə bilməyəcək.
İndidən ruslara anlatmaq lazımdır ki, sülhməramlıların burada 5 ildən artıq qalmaq imkanı yoxdur! Birmənalı şəkildə deməsək, ruslar vaxtı uzadaqcalar".