Bərəkət geri dönür

Qarabağda kəhrizlər bərpa olunacaq

Bununla əkinçiliklə məşğul olanlar, bostan becərənlərin problemi müəyyən qədər həllini tapacaq

   Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bildirib ki, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu barədə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda danışlıb. Konfransda iştirak edən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun isə bildirib ki, Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb. Layihə tamamlandıqdan sonra 8 000 insan öz doğma yurdunda təmiz su ilə təmin oluna bilər. Qeyd edilir ki, 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatı müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə həyata keçirib. Bugünədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib. Bundan əvvəl də Qarabağ bölgəsində kəhrizlərin bərpası prosesi icra edilib. Məsələn, Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları müasir texnoloji üsullardan istifadə edilməklə bərpa olunub. Məqsəd əhalinin suya tələbatının qarşılanması, su təminatının yaxşılaşdırılmasıdır. Kəhrizlərin bərpası suvarma üçün də böyük əhəmiyyət daşıyır. Bir vaxtlar torpaqların suvarılmasında kəhrizlərdən istifadə olunduğu məlumdur. Lakin sonralar artezian quyuları və kanalların çəkilməsi ilə kəhrizlər unuduldu. İndi isə qlobal su qıtlığı fonunda kəhriz mədəniyyətinə yenidən qayıdılır. Kəhrizlərin bərpasının faydalı iş olduğunu bildirən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Qarabağ torpağında kəhriz mədəniyyətinin əsrlər öncə mövcud olduğunu dedi: 
- Kəhrizlər qədim suvarma mədəniyyətidir. Azərbaycan ərazisində tarixən əkinçilikdə kəhriz sularından istifadə olunub. Vaxtilə kəhrizlərin qazılması işini bilən kənkanlar vardı. Onlar işlərinin ustası idilər. Qarabağda da ta qədim dövrlərdən suvarma üçün kəhriz quyuları qazılıb, kəhriz suyundan istifadə edilib. Hektarlarla torpaq sahələrini kəhriz sularıyla suvarıblar, dəyirman işlədiblər. Kəhrizin suyu daim buz kimi sərin olur. Kəhrizlərdən o qədər su içmişik ki... Qarabağ torpağı həmişə bərəkətli olub. Pambığı, üzümü, meyvə-tərəvəzi ilə məşhur idi Qarabağ. Su qıtlığı da yaşanmazdı, çünki bol sulu çaylar vardı, kəhrizlər qazılardı və əhalinin həm içməli su, həm də suvarma üçün ehtiyacı ödənərdi. Amma Aran zonalarında su qıtlığı yaşanırdı. Sonra da nankor qonşularımız bizə su qıtlığı yaratmağa başladılar. Nankor qonşularımız qışda suyu qəsdən açıb buraxırdılar, əkin sahələrini məhv edirdilər, yayda isə suyun qarşısını kəsməklə təsərrüfatlara ziyan vururdular. Şükür ki, artıq Qarabağımız azaddır və bu barlı-bərəkətli torpaq doğma insanlarını qarşılayır, yenə də Qarabağ torpaqlarında əkin-biçin olacaq, bol məhsul əldə ediləcək. Kəhrizlərin bərpasına çox sevinirəm. Bu, bizim məişətimizin bir hissəsi, həm də çox önəmli bir parçasıdır. Cənab Prezident də həmişə su probleminə diqqət ayırır, gücünü-qüvvəsini sərf edir ki, təsərrüfatla məşğul olanların iş və həyat şəraiti yaxşılaşsın. Bilirsiz ki, su həyatdır. Qidadan öncə insana su lazımdır. Kəhrizlərin bərpa edilməsi ona görə sevindiricidir ki, əkinçiliklə məşğul olanlar, bostan becərənlərin problemi bununla müəyyən qədər həllini tapacaq. Kəhrizlər hesabına su problemini həll etmək mümkün olacaq. 

H.Məmmədova qeyd etdi ki, kəhrizlər ildə 1-2 dəfə mütləq təmizlənməlidir: 

- Daim orada təmiz, saf su olsun deyə, kəhrizlər mütləq təmizlənməlidir. Kəhrizlərin suyu yeraltı sulardı. Kəhriz quyular qazılır və onlar bir növ süzgəc rolunu oynayır. Yeraltı sular sanki süzgəcdən keçirilir və torpağın üst qatına çıxır. Sonra da arxlar vasitəsilə ətraf ərazilərə ötürülür. Mən dədə-babalarımızdan eşitdiklərimi deyirəm. Kəhrizin suyu daimidir, daim qaynayan bulaqdı, su mənbəyidi.