Bu gün əfsanəvi kəşfiyyatçı, "Murov qartalı"nın doğum günüdür

Bu gün əfsanəvi kəşfiyyatçı, "Murov qartalı" adı almış qəhrəman döyüşçü polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. 

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılmış və şəhid olmuşdur.

Şəhidimizin ruhu şad olsun!