İmdad Əlizadə: "Vaxt gələcək, laçınlılar bu xəbəri gerçəyə çevrilən yuxu, nağıl kimi nəvə nəticələrinə danışacaqlar "
"Budəfəki qayıdış elə bir köç olacaq ki, yaddaşlara qızıl hərflərlə yazılacaq"
“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.
Ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində öz əksini tapan bu fikirlər ölkə ictimaiyyətində növbəti qayıdış sevinci və güvən hissi yaradıb.
Avqustun 13-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə, eləcə də rayonun Zabux və Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar müşavirə keçirilib.
Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Laçından olan jurnalist İmdad Əlizadə “Şərq”ə açıqlamasında deyib ki, bütün laçınlılar Ali Baş Komandanın Laçın şəhərinə, rayonun Zabux və Sus kəndlərinə qayıdışla bağlı açıqlamasından sonra böyük sevinc hissi keçiriblər, köç əhval-ruhiyyəsindədirlər və doğma yurdlarına qayıtmağa hər an hazırdırlar: “Laçınlılar son 30 ildə ən xoşbəxt günlərini yaşayırlar. 1992-ci ildən bəri laçınlılar doğma yurdlarına, evlərinə qayıdacağı günü gözləyirdilər. Bu müddət ərzində minlərlə laçınlı torpaq həsrəti ilə dünyadan köçüb. Şükürlər olsun ki, sağ qalan köçkünlərin Laçına qayıtmaq ümidi gerçəyə çevrilir. Ölkə başçısının Laçın şəhərinin Sus, Zabux kəndlərinə qayıdışla bağlı göstərişi hər birimizin ürəyinə su səpdi. Bütün laçınlılar bu xəbərə görə bir-birini müjdələyib gözaydınlığı verirlər. Hətta muştuluq alıb-verənlər belə var.
- Harada məskunlaşmısınız?
- Pənah apardığınız yerdə şərait necədir?
- Görən elə ömrümüz belə keçəcək?
- Biz o yerləri bir də görə biləcəyik?
28 il laçınlılar toyda, yasda, küçədə bir-biri ilə rastlaşanda, telefonla danışanda hal-əhval tutandan sonra bunları soruşardılar. Qəhər boğardı, kəlmələr boğazda düyünlənərdi, qadın, uşaq bir yana, dağ boyda kişilərin göz yaşı sel olardı Vətəni-Laçını xatırlayanda, dağ vüqarlı o yerlərdən danışanda.
2020-ci ilin payızından çox şey dəyişib. Elə laçınlıların bir-birinə verdikləri suallar da.
- Nə vaxt qayıdırıq?
- Köç nə zamandır?
- Birinci Laçının hansı kəndini bərpa edəcəklər?
İndi laçınlıların sualları belədir.
Cavab isə ən ali instansiyadan gəldi. Ali Baş Komandan İlham Əliyev verdi müjdəni, ən xoş xəbəri yenə o çatdırdı və laçınlılar arasında ildırım sürəti ilə yayıldı: laçınlılar, hazırlaşın, yurda dönürsünüz. Əminliklə söyləyirəm: bu, hər bir laçınlının həyatında eşidə biləcəyi ən gözəl, ən möhtəşəm və ali xəbərdir. Bundan sonra belə, insanı göylərə uçuran, tüklərini biz-biz edən ikinci müjdə olmayacaq. Vaxt gələcək, laçınlılar bu xəbəri harada və kimdən eşitdiklərini ən xoş xatirə, gerçəyə çevrilən yuxu, nağıl kimi nəvə nəticələrinə danışacaqlar”.
Jurnalistin sözlərinə görə, keçmiş Qarabağ münaqişəsi üçün Laçın rayonu hər zaman kilid rolunu oynayıb: “1992-ci il mayın 18-də Laçın düşmən tərəfindən işğal olunduqdan sonra Ermənistandan Dağlıq Qarabağa bir koridor açıldı və sonrakı dövrlərdə Azərbaycanın digər rayonlarının ard-arda işğal olunmasında bu faktor mühüm rol oynadı. Həmin koridor vasitəsilə dünyanın müxtəlif ölkələrindən gəlib təşkilatlanan erməni terrorçuları Azərbaycan ərazisinə soxuldular. Ermənistanın Silahlı Qüvvələri də məhz həmin koridor vasitəsi ilə rayonlarımızı yağmaladılar.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Laçın şəhəri və rayonun 6 yaşayış məntəqəsi müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində qaldı. Sus və Zabux kəndləri də bu razılaşmaya aid idi. Bu isə insanlarda müəyyən narahatlıq yaradırdı ki, Laçın rayonu nə vaxt tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Həmin üçtərəfli razılaşmaya əsasən üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu. Azərbaycan dövləti həmin yolu - Laçın şəhərindən yan keçən yolu qeyd olunan müddətdən də az bir vaxtda yüksək səviyyədə inşa etdi.
Artıq sülhməramlıların nəzarətində olan yaşayış obyektlərinin tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçməsi üçün heç bir səbəb və ya bəhanə qalmayıb. Həmin yol vasitəsilə Dağlıq Qarabağda məskunlaşan ermənilər Ermənistan ərazisinə gedib-gələ bilərlər”.
İ.Əlizadə həmçinin Zabux və Sus kəndlərinə qayıdışın ən önəmli tərəfi ilə bağlı bəzi məqamları da bizimlə bölüşüb. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən qanunsuz şəkildə Azərbaycan torpaqlarına köçürülən ermənilər məhz bu kəndlərdə məskunlaşdırılıb: “Suriyadan, Livandan köçürülən ermənilər üçün Zabux kəndində yeni evlər tikilmişdi. Bu kəndin Azərbaycan Ordusunun nəzarətinə keçməsi səbəbilə artıq orada qanunsuz məskunlaşdırılan ermənilərin köçünə start verilib. Daha dəqiq desək, sülhməramlıların yeni yolun mühafizəsi ilə bağlı öz mövqelərini dəyişmələri ilə əlaqədar ermənilər də işğal etdikləri torpaqlardan çıxıb getməlidirlər. Kəndin ermənilərdən tamamilə təmizlənməsi isə həm Ermənistanın siyasi rəhbərliyinə, həm də bizim torpaqlarımızda özlərinə müstəqillik arzulayan separatçı qüvvələrə göz dağıdır”.
İ.Əlizadənin sözlərinə görə, hələ sovetlər dövründə, “Xalqlar Dostluğu” şüarının geniş yayıldığı zamanlarda belə Laçın rayonu ermənilərin kompakt yaşadığı bir ərazi olmayıb: “O dövrlərdə uzağı 100-ə yaxın erməni yaşayardı ki, onlar da ya işləməyə gələn kişilər, ya da azərbaycanlı kişilərlə evlənən erməni qadınları idi. Yəni Laçın erməni ailələrinin kompakt məskunlaşdığı bir yaşayış məntəqəsi olmayıb. Dediyim kimi, müharibədən sonrakı müddətdə və 1992-ci ildə Laçın rayonu işğal edildikdən sonra Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən gətirilərək ərazilərimizdə kifayət qədər qanunsuz ermənilər məskunlaşdırılıb. Proses beynəlxalq hüquq normalarına zidd olduğundan Azərbaycan dövləti tərəfindən bu cinayətin qarşısı alınır”.
Laçının Oğuldərə kəndindən olan İ.Əlizadə doğulduğu kəndin Kəlbəcər sərhədlərinə daha yaxın olduğunu deyib. Onun sözlərinə görə, Zabux və Sus kəndləri isə Laçın şəhərinin mərkəzinə yaxın məsafədə yerləşdiyi üçün bu ərazilər onların kəndinə uzaqdır. Amma o, qayıdış xəbərinə ən azı sus və zabuxlular qədər sevindiyini, onların köç əhval-ruhiyyələrinə həmrəy olduğunu deyir:
Laçında dədə-babadan köç ənənəsinin olduğunu xatırladan jurnalist bildirir ki, yaz aylarında kənd camaatı yaylağa çıxar, kənd ətrafında olan otlaq sahələrinin qorunub saxlanılması və biçilib qış tədarükü görülməsi üçün heyvandarlıqla məşğul olan insanlar dağlara tərəf köç edərdilər:
“Bu dövr təxminən may ayının ortalarına təsadüf edirdi və ayın əvvəllərindən artıq köç hazırlığı başlayırdı. Çox maraqlı bir proses idi. Həmin ərəfələrdə kənd camaatının əhval-ruhiyyəsi yüksək olurdu. İnsanlar bir-birinə kömək edirdi. Bunları niyə danışdım!? Çünki hazırda bütün Laçın camaatı həmin köç hazırlığını başqa bir formada yenidən yaşayır. Həm də daha böyük həvəs, daha böyük coşğu və ən əsası qürurla... Laçınlıların sevincinin həddi-hüdudu yoxdur. Ən azı bunu ifadə edəcək bir kəlmə belə yoxdur. Budəfəki qayıdış elə bir köç olacaq ki, yaddaşlara qızıl hərflərlə yazılacaq və əsrlər sonra da doğulacaq körpələr bu böyük köçdən qürur və fəxarətlə bəhs edəcək. İnşallah, bu köçümüz davamlı olacaq və yaxın zamanlarda Laçın rayonun digər kəndlərində məskunlaşan sakinləri də öz evlərinə qayıtmağın sevincini yaşayacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Eşq olsun Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu! Biz onların sayəsində torpağımıza qovuşmuşuq. Onların sayəsində Laçın və vaxtilə düşmən tapdağında olmuş torpaqlarımız bu gün azaddır!”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü olduğunu vurğulayan həmkarımız qeyd edib ki, Laçın şəhərinə, Sus və Zabux kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayevin rəhbərliyi ilə müşavirə keçirilib.
Qayıdış işlərinin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Demək olar ki, bütün Komitə üzvləri prosesə səfərbər olunub. Bu köç tapşırığı ən azı laçınlılar qədər Komitədə də ruh yüksəkliyi yaradıb.