“Sherg.az” vasitəsilə bütün həmkarlarımızı Qubadlıdakı evimizə qonaq dəvət edirəm"
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin il dönümüdür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.
Qubadlının azad edilməsini hər zaman səbirsizliklə gözlədiyini deyən əməkdar jurnalist Dağbəyi İsmayılov "Sherg.az"a bildirib ki, bu rayonun işğaldan qurtarılması çox böyük nailiyyətdir:
"Qubadlı Ermənistanın Qafan, Gorus rayonları ilə sərhəddə yerləşir. Bu rayonun əhalisi hələ 1-ci Qarabağ savaşında öz torpaqlarını ən sonda tərk etməyə məcbur qalmışdı. Mən də bir Qubadlılı kimi müzəffər Ali Baş Komandana və ordumuza təşəkkür edirəm. Çünkü onların sayəsində, bizə bu torpaqları yenidən görmək qismət oldu. Düzdür, ermənilər vəhşilik törədərək orada daşı daş üstündə saxlamayıblar. Amma bu, bizim üçün böyük bir problem deyil. Ona görə ki, O torpaqlar yenidən dirçələcək və Qubadlı əvvəlkindən də gözəl bir məkana çevriləcək. Cənab prezident bu yaxınlarda Qubadlıda səfərdə olarkən rayonun baş planını təsdiq etdi və "Zəfər”,"İşğal" muzeylərinin təməlini qoydu. Bu Qubadlıdakı sürətli dirçəlişin və yenidənqurmanın başlanğıcıdır. Mən səbirsizliklə Qubadlıya qayıdacağım günü gözləyirəm. “Sherg.az” vasitəsilə bütün həmkarlarımızı Qubadlıdakı evimizə qonaq dəvət edirəm".