“Bu baxımdan da Azərbaycanın öz arsenalını müttəfiq Türkiyənin silah sistem"ləri ilə komplektləşdirməsi, tamamilə məqsədə uyğundur"
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarla görüşüb.
Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanla Türkiyə arasındak hərbi-texniki əməkdaşlığın, daim artan dinamika ilə inkişaf etdiyini deyən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Azərbaycan Türkiyənin "Barkan" Pilotsuz Uçuş Aparatı və “Raketsan” şirkətinin "Çakır" raketləri ilə yaxından maraqlanır:
“Nəzərə alsaq ki, Bakı Ankaradan uzun müddət havada qala bilən "Akıncı" PUA-larını almaq niyyətindədir. Bu zaman sözügedən PUA-ların istifadə edəcəyi, uzun mənzilli raketləri də almağı məqsədə uyğun addımdır. İstənilən halda Türkiyədən əldə ediləcək silah sistemləri, Azərbaycan ordusunun potensialını artırmağa daha da imkan verəcək. Bu isə Ermənistan üzərindəki hərbi balansı daha yüksək saxlamağa şərait yaradacaq.
Azərbaycanla Ermənistan arasında toqquşmaları isə kimsə istisna edə bilməz. Çünki düşmənin son fəaliyyətləri və Kəlbəcər, Tovuz istiqamətində atəşkəsi intensiv şəkildə pozması, ondan xəbər verir ki, İrəvan hələ də Azərbaycan ərazilərinə iddialarını davam etdirir.
Digər tərətdən isə ermənilərin Laçın dəhlizi vasitəsi ilə Qarabağa silah-sursat daşıması Bakının daha ciddi addımlar atmasını tələb edir. Bu baxımdan da Azərbaycanın öz arsenalını müttəfiq Türkiyənin silah sistemləri ilə komplektləşdirməsi, tamamilə məqsədə uyğundur".