“... Yaxın gələcəkdə vacib bir yol olmalıdır”
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Bu məqsədlə martın 1-də Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Qeyd edək ki, görüş Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında baş tutub. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.
Görüşün mahiyyətini "Sherg.az"a dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib ki, Cənab Prezidentin müvafiq göstərişlərinə əsasən, bu istiqamətdə hansı işlər lazımdırsa aparılacaq:
"Yerli erməni sakinləri başa düşməlidirlər ki, onların qarşısında iki seçim var və Azərbaycan qanunlarına inteqrasiya yaxın gələcəkdə vacib bir yol olmalıdır. Bölgə nə qədər tez sabit bir məkana çevrilsə, o qədər də yaxşı olar. Əsasən də sadə vətəndaşlar üçün. Yerli erməni əhalisi başa düşməlidir ki, onlar 30 il ərzində Ermənistanın və separatçı qeyri-qanuni siyasətbazların dustağı idilər. Onların Ermənistan tərəfindən istismar olunması haqqında faktlar da var. Amma yaxın gələcək onlar üçün yeni perspektivlər yaradır və bundan istifadə etsələr, daha məqsədəuyğun olar".