Yalnız Şuşa şəhərinin özü qalacaq?
“Quşçu kəndinin mərd oğulları Cümhuriyyətin qurulmasında iştirak ediblər. 31 mart qırğınlarında erməni daşnaklarına müqavimət göstəriblər”
Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub. Layihədə Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, işğal altındakı ərazilərimiz azad edildikdən sonra və tikinti-quruculuq işlərinə başlanıldıqda belə xəbərlər tez-tez eşidilir. Hansısa kəndlərin birləşməsi, hansılarınsa ləğv edilməsi, bəzi kəndlərin işğaldan əvvəl aid olduqları inzibati ərazi vahidlərindən başqa inzibati rayonlar ərazisinə verilməsi və ya veriləcəyi bildirilir. Yeni bölgünün kiçik kəndlərin böyük kəndlərlə birləşdirilməsi zərurətindən irəli gəldiyi deyilir. Amma zərurət nədən ibarətdir, çoxsaylı kəndlərin olmasının nəyi pisdir, o kəndlərin əhalisi qəhətəmi çıxıb və ya tutaq ki, hansısa kəndi “öz anasından” ayırıb başqa anaya həvalə etməklə nə dəyişəsidi, dövlət büdcəsinə qənaətmi ediləcək, daha az məmur işə cəlb olunacaq və bunun xeyri nə olacaq, bunları izah edən hələ ki yoxdur.
Yazıçı-publisist, Şuşanın tarixini də, hər qarşını da ovcunun içi kimi bilən Kərim Kərimli “Sherg.az”a açıqlamasında bölgü barədə fikirlərini bildirib:
"Əvvəlcə, kiçik dəqiqləşmə aparmalıyam. Son zamanlar coğrafi adlarda, kəndlərin adlarında yanlışlıqlara yol verilir. Məlumatda Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinin Xocalı rayonu ərazisinə verilməsi qeyd olunub. Kəndlərin adında səhvə yol verilib. O adda deyil kəndlər. Şuşa rayonunun kəndlərinin adı Aşağı Quşçu, Yuxarı Quşçudur. Kəndlərin adında “lar” cəm şəkilçi yoxdur. Sadəcə, iki kənd olduğuna görə el arasında birləşdirilib ümumi şəkildə Quşçular deyilirdi. O iki kəndin ikisi də daha böyük kənd olan Malıbəyli ilə birlikdə bir sovetlikdə birləşmişdi. Malıbəyli sovetliyinin kəndləri idi. Sovet illərində bilirsiniz ki, təsərrüfatlar kolxoz, sovxoz şəklində idi. O kəndlər də Məşədi Əzizbəyov adına sovxozda birləşmişdilər. Malıbəyli və iki Quşçu kəndi Şuşanın ən böyük inzibati vahididir. Malıbəyli kəndi ən böyük kənddir, Şuşanın işğalından əvvəl əhalisinin sayı 5 min nəfərə çatmışdı. Qaçqınlar, köçkünlər də Malıbəylidə məskunlaşmışdı deyə, onsuz da böyük olan kənd daha da böyümüşdü. Bu kəndlərin Şuşa rayonundan alınıb Xocalıya verilməsi nə məqsəd daşıyır, bilinmir. Malıbəyli qədim kənddir, həmişə də Şuşanın olub. Bu kənd mədəniyyət, elm ocağı olub. Xeyli sayda alimlər, sənətkarlar yetirib bu kənd. Malıbəylidə ən qədim tarixə malik məscidlərdən biri, qədim evlər, tarixi abidələr vardı. Malıbəyli özü tarixi abidə idi. Qarabağdakı ən qədim orta məktəblərdən biri də Malıbəylidə olub. Quşçu kəndinin mərd oğulları Cümhuriyyətin qurulmasında iştirak ediblər. 31 mart qırğınlarında erməni daşnaklarına müqavimət göstəriblər. 1937-də repressiyaya məruz qalıblar. 1988-92-ci illərdə erməni separatçılarına qarşı döyüşüblər. Şuşanın müdafiəsində iştirak ediblər. Bu kəndin camaatı mərd, qorxmaz insanlardı. Bu kəndlər Şuşadan ayırılıb niyə başqa inzibati rayona verilməlidir? Məqsəd nədir? Düşüncəmə görə, çox güman ki, bu, Şuşa şəhərinin ayrıca qoruq ərazisi olmasıyla bağlıdır. Şuşanı dünya şöhrətli şəhərə çevirmək, turizm mərkəzi etmək məqsədi var. Laçında da bu istiqamətdə işlər gedir. Laçının da turizm, istirahət mərkəzinə çevrilməsi istiqaməti götürülüb. İstər sovet hakimiyyətindən əvvəl, istərsə də sovet ilərində Qarabağda inzibati bölgülər çox aparılıb, çox dəyişikliklər edilib, amma Malıbəyli və iki Quşçu kəndi həmişə Şuşanın tabeliyində qalıb".
K.Kərimli qeyd edib ki, Şuşa yalnız bu iki kənddən ibarət deyil. 40 kəndi var Şuşanın:
"Böyüklü, kiçikli 40 kənd. Zarıslı, Xəlfəli, Daşaltı, ən böyük yaşayış qəsəbəsi Turşsudur. Turşsu mineral su ehtiyatları ilə zəngindir. Yəni Şuşanın böyük kəndlərinin Xocalı rayonuna verilməsi təəccüblü görünür. Belə çıxır ki, Şuşanın bütün kəndləri ətraf rayonlara paylanacaq? Onda yalnız Şuşa şəhərinin özü qalacaq".