“İşğal dövründə 56 min hektarlıq meşə fondumuz düşmən trərəfindən dağıdılıb. Bu fondun dayanıqlı şəkildə bərpa olunması olduqca vacibdir”.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. Emin Hüseynov bildirib ki, işğaldan azad edimiş bir çox şəhər, kənd və qəsəbələrdə bərpa-quruculuq işləri getdiyi zaman bir çox ekoloji problemlərə rast gəlinir: "Bildiyiniz kimi dövlət başçısının rəhbərliyi altında böyük qayıdışın birinci dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etməkdədir. Bu işlər hazırda qrafikə uyğun şəkildə icra olunur. Amma prosesdə sözsüz ki, müəyyən məsələlər ortaya çıxır. Xüsusilə də ekoloji dayanıqlılıq məsələləri ən vacib məqamlardan biridir. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilər yaşıl zona kimi qəbul olunub. Azərbaycan dövləti ekoloji dayanıqlılıq məsələləri ilə bağlı olduqca həssas davranır. Bu, artıq öz təsdiqini tapdı. COP-29 gələn il Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, ekoloji məsələlərə diqqətin artması işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində də müşahidə olunur. Bu gün bir çox şəhər, kənd və qəsəbələrdə bərpa-quruculuq işləri getdiyi zaman biz bir çox ekoloji problemlərlə rastlaşırıq. 56 min hektarlıq meşə fondumuz düşmən trərəfindən dağıdılıb. Bu fondun dayanıqlı şəkildə bərpa olunması, bundan başqa xalqımızın tarixi mədəni abidələrindən sayılan çoxsaylı kəhrizlərin bərpa olunması olduqca vacibdir”.