Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub. "Yeni salınacaq Qiyaslı kəndində 2546 nəfərin köçürülməsi üçün 656 fərdi yaşayış evi tikiləcək. Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olacaq. Ərazidə qeyri-yaşayış obyektlərinin də inşası nəzərdə tutulub. Burada klub-icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin inşası da düşünülür".
Bəşir Hacıyev qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib. "Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb. Fərdi yaşayış evlərinin inşasına start verilib. İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanılacaq. Həmçinin qeyri-yaşayış obyektlərinin inşasının başlanması gözlənilir".