İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpası üçün xüsusi yanaşma ortaya qoyulub
İşğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və biznes mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb.
Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlər olacaq.
Mikro sahibkarlar üçün əsas tələblər onların həmin sahə üzrə təcrübələrinin olması, ən qısa zamanda fəaliyyətlərini bərpa edə bilmələri, vergi və digər öhdəliklərinin olmamasıdır. Bundan başqa, dövriyyə vəsaitlərinin olması da əsasdır.
Xankəndidə fəaliyyət göstərən sahibkarlar üçün sosial, kommunal və 10 il müddətinə vergidən azad olma güzəştləri nəzərdə tutulub.
Ekspertlər isə hesab edir ki, işğaldan azad edilmiş digər torpaqlarımızda olduğu kimi Xankəndidə tətbiq olunan güzəştlər ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Bu güzəştlər işğaldan azad edilmiş ərazilərdə müxtəlif təsərrüfat fəaliyyəti üçün əlverişli biznes və investisiya mühitinin yaradılmasına hesablanıb.
Millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpası üçün xüsusi yanaşma ortaya qoyulub. Xankəndi də işğaldan azad olunmuş şəhərlərimizdən biridir:
“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında, o cümlədən "Böyük qayıdış"ın həyata keçirilməsində iştirak edəcək bütün sahibkarlıq subyektlərinin fəaliyyətinə 10 il müddətinə güzəştlər tətbiq olunub. Bununla bağlı qanunlarda dəyişikliklər edilib. Bu il üçün Xankəndiyə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Ona görə də bu şəhərdə də yeni müəssisələr yaradılmalı, qayıdacaq insanların məşğulluq məsələləri qabaqcadan həll olunmalıdır. İşğaldan azad edilmiş ərazilərə tətbiq olunmuş güzəştlər Xankəndiyə də şamil olunur. Xankəndidə ilk növbədə xidmət sahələri və ticarət şəbəkəsinin yaradılmasını vacib hesab edirəm. Sahibkarlar müəyyən olunmuş qanunlara riayət etməklə Xankəndidə müəssisələr aça və sakinlərə xidmət göstərə biləcəklər. İnsanların məskunlaşması başa çatandan sonra, yəni zaman keçdikcə Xankəndidə sənaye müəssisələrinin fəaliyyətini də bərpa etmək olar. Beləliklə, işğaldan azad olunmuş ərazilərimiz mərhələli şəkildə ölkə iqtisadiyyatına reinteqrasiya olunacaq və 10 ildən sonra bu ərazilər də ölkənin digər regionları kimi iqtisadiyyatımızın güclənməsinə töhfə verəcəkdir”.