Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildirilib.
Belə ki, Böyük Qayıdış Proqramının icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun isə qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə Xocalı şəhərini 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək. Xocalı şəhərinin içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq.
Xocalı şəhərində mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir. Qeyd edək ki, Xocalı şəhərinin bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi tərəfindən xidmət göstərilir.