Almaniya Ermənistana deportasiya edilən şəxslərlə növbəti təyyarəni göndərib

Almaniya deportasiya edilən şəxsləri Ermənistana gətirən təyyarə göndərib. Reys bir neçə gün əvvəl həyata keçirilib.

İlkin məlumatlara görə, bu, Almaniyadan Ermənistana bu il həyata keçirilən artıq dördüncü deportasiya reysidir.

Sherg.az xəbər verir ki, çarter reysi Hamburqdan yola düşüb və Yerevanda eniş edib.

Təyyarənin yenidən Almaniyaya qayıtmasını nəzərə alsaq, onun göyərtəsində yalnız Ermənistan vətəndaşlarının olduğunu ehtimal etmək olar. Bəzi hallarda müxtəlif ölkələrin vətəndaşlarının olduğu birgə reyslər də həyata keçirilir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti digər ölkələrdən deportasiya edilən vətəndaşların sayı və deportasiya reysləri ilə bağlı məlumatları açıqlamaqdan imtina edir.

Almaniyadan Ermənistana əvvəlki analoji deportasiya reysi barədə iyun ayında məlumat vermişdik.