Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi gərginlik artmaqda davam edir. Hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamlar artır, cəmiyyət daxilində isə müxtəlif siyasi baxışların toqquşması daha aydın şəkildə özünü göstərir. Rusiyanın Ermənistana dair sərt mesajları ölkədə seçki atmosferini daha da gərginləşdirib.
Rusiya rəhbərliyi açıq şəkildə bəyan edir ki, Ermənistanın bir tərəfdən Avrasiya İqtisadi İttifaqının yaratdığı iqtisadi üstünlüklərdən yararlanması, digər tərəfdən isə Avropa İttifaqına inteqrasiya siyasəti yürütməsi qəbuledilməzdir.
Ermənistanda müşahidə olunan proseslər göstərir ki, bu seçkilər təkcə hakimiyyət uğrunda siyasi mübarizə deyil, həm də ölkənin gələcək geosiyasi kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri artıq adi daxili siyasi rəqabət çərçivəsindən çıxıb. Hazırkı mərhələdə əsas qarşıdurma Qərbyönlü siyasi xətt ilə Rusiyaya yaxın revanşist qüvvələr arasında gedir.
Baş nazir Nikol Paşinyanın özünü cəmiyyətin iradəsinə söykənən lider kimi təqdim etdiyini vurğulayan ekspert deyib ki, Paşinyan əvvəlki seçkilərlə müqayisədə cəmiyyətdə yorğunluq və narazılığın artdığını çox gözəl bilir:

“Düzdür, Paşinyan hələ də seçkinin əsas favoriti hesab edilir. Buna səbəb isə müxalifətin parçalanmış vəziyyətdə olması və vahid siyasi platforma formalaşdıra bilməməsidir. Samvel Karapetyan, Arman Tatoyan və keçmiş hakimiyyətə yaxın qüvvələr əsasən revanşist və anti-Qərb ritorikası üzərindən kampaniya aparırlar. Lakin bu qüvvələrin cəmiyyət daxilində geniş dəstəyi olduğu görünmür. Ermənistan cəmiyyəti son illərdə yaşanan hərbi və siyasi proseslərdən ciddi şəkildə yorulub. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri erməni ictimaiyyətində yeni qarşıdurma qorxusunu daha da artırıb. Ermənistanda insanlar anlayırlar ki, mümkün yeni müharibə artıq birbaşa Ermənistan ərazisində baş verə bilər. Bu isə həm insan itkisi, həm də iqtisadi və siyasi baxımdan daha ağır nəticələr deməkdir. Rusiyadan dəstək alan revanşist dairələr isə hələ də maksimalist və reallıqdan uzaq siyasi tezislərlə çıxış edirlər. Ancaq cəmiyyətin əhəmiyyətli hissəsi yeni müharibə və qarşıdurma ssenarisini dəstəkləmir. Bu baxımdan iyunun 7-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın rəqibləri üzərində üstünlük qazanacağını istisna etmirəm. Lakin 2021-ci ildə müşahidə olunan dominant qələbənin bu dəfə təkrarlanması çətin olacaq”.
Rusiyanın Ermənistana qarşı təzyiqlərinə gəldikdə isə Ə. Şahidov qeyd edib ki, son dövrlər Rusiya rəsmilərinin sərgilədiyi sərt ritorika Kremlin Paşinyanın Qərbə yaxınlaşmasından ciddi şəkildə narahat olduğunu göstərir:
“Hazırda Rusiya ilə Qərb arasında ciddi geosiyasi qarşıdurma müşahidə olunur. Bilirsiniz ki, Ermənistan uzun illər Moskvanın Cənubi Qafqazdakı əsas dayaq nöqtələrindən biri olub və bu müddətdə həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşüb. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan Moskvanın təsirini azaltmağa çalışsa da, bu asılılığı tam aradan qaldıra bilmədi. Hazırda Paşinyan hakimiyyəti Qərbə inteqrasiya siyasətini gücləndirməyə çalışır və bu istiqamətdə ABŞ və Avropa Birliyindən dəstək alır. Lakin Ermənistan cəmiyyətində, siyasi elitasında və təhlükəsizlik sistemində Rusiyaya bağlı ciddi qüvvələr hələ də qalmaqdadır. Moskva Ermənistanın tam şəkildə Qərb orbitinə keçməsini öz geosiyasi maraqlarına təhlükə hesab edir. Ermənistanın “ikinci Ukrayna ssenarisi” ilə üzləşə biləcəyi barədə səsləndirilən fikirlər də məhz bu narahatlığın nəticəsidir”.
Ə. Şahidovun sözlərinə görə, Rusiyanın verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də ABŞ və Avropa Birliyinə yönəlib:
“Kreml göstərmək istəyir ki, Ermənistanı öz təsir zonasından çıxmağa qoymayacaq. Rusiya üçün Ermənistan Cənubi Qafqazda strateji əhəmiyyət daşıyır və Moskva bu mövqeni itirmək niyyətində deyil. Əgər seçkilərdə Nikol Paşinyan yenidən hakimiyyətdə qalarsa, Rusiyanın Ermənistanda daxili sabitliyə təsir göstərə biləcək addımlar atması istisna deyil. Rusiya müxtəlif siyasi, iqtisadi və informasiya alətləri vasitəsilə Ermənistandakı proseslərə təsir etməyə çalışacaq. Hətta seçkiyə yaxın dövrdə təxribat xarakterli hadisələrin baş verməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Rusiyadan fərqli olaraq ABŞ və Avropa Birliyi isə Paşinyanı regionda sülh gündəliyini davam etdirə biləcək əsas siyasi fiqur kimi görür. Qərb hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistanın revanşist siyasətdən uzaqlaşması və Azərbaycanla sülh prosesinin davam etməsi baxımından daha münasib variantdır. Azərbaycan üçün əsas məsələ Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi deyil, rəsmi İrəvanın revanşist siyasətdən imtina edib-etməməsidir. Seçkilərin nəticəsi regiondakı təhlükəsizlik balansına və Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyinə birbaşa təsir göstərəcək. Rusiyaya yaxın mövqedə olan siyasi fiqurlar, xüsusən də Robert Köçəryan, Serj Sarkisyan və hətta daha yumşaq ritorikaya malik Samvel Karapetyan belə, hazırkı şərtlərlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar. Bu qüvvələr Paşinyanı Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etməkdə ittiham edir və sülh sazişini Ermənistan üçün kapitulyasiya kimi təqdim etməyə çalışırlar”.