Ermənistanda işləyən kişilərin yalnız 11 faizi atalıq məzuniyyətindən yararlanıb.
Sherg.az xəbər verir ki, bu nəticə ölkənin dörd vilayətində 384 işləyən kişi arasında aparılan araşdırma zamanı müəyyən olunub.
Yerevan Dövlət Universitetinin Sosial Tədqiqatlar İnnovasiya Mərkəzinin direktoru Aren Mkrtçyanın sözlərinə görə, atalıq məzuniyyətindən istifadə səviyyəsi hələ də aşağı olaraq qalır.
Araşdırma 2026-cı ilin mart ayından etibarən Şirak, Lori, Araqatsotn və Tavuş vilayətlərində aparılıb. Tədqiqatın məqsədi vətəndaşların atalıq məzuniyyəti ilə bağlı məlumatlılıq səviyyəsini və bu hüquqdan istifadəyə təsir edən amilləri müəyyənləşdirmək olub.
Mütəxəssis bildirib ki, bir çox hallarda uşağa qulluq vəzifəsini ailənin digər üzvləri, xüsusilə nənələr öz üzərlərinə götürdükləri üçün kişilər məzuniyyət hüququndan istifadə etmirlər. Respondentlərin bir qismi isə uşağa qayğının əsasən qadının məsuliyyəti olduğunu düşünür.
Araşdırmaya görə, bu yanaşma daha çox kənd yerlərində müşahidə olunur. Eyni zamanda, yüksək iş yükü və iş yerində əvəzləyici əməkdaşın olmaması da atalıq məzuniyyətindən imtinanın əsas səbəbləri sırasında göstərilib.
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin rəsmiləri araşdırmanın nəticələrinin gələcək fəaliyyət planlarında nəzərə alınacağını bildiriblər.
Qeyd edək ki, Ermənistanda 2020-ci ildən etibarən atalar uşağın doğulmasından sonra beş iş günü ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Qanunvericilik həmçinin valideynlərə uşağın üç yaşı tamam olana qədər iş yerlərini saxlamaq şərti ilə uşağa qulluq məzuniyyəti götürməyə imkan verir. Bundan əlavə, 12 yaşınadək uşaqları olan valideynlər üçün əməkhaqqı saxlanılmaqla gündəlik əlavə vaxt güzəştləri də nəzərdə tutulub.