- Etiraz iştirakçıları Ermənistanda kütləvi həbslərdən və Aİ-nin bu problemin üzərindən sükutla keçməsindən narazıdırlar
İrəvanda Avropa İttifaqının nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
Sherg.az xəbər verir ki, aksiya iştirakçıları Ermənistanda siyasi məhbuslar probleminin, xüsusilə də “Ana Ermənistan” partiyasının üzvü Areqnaz Manukyanın həbsinin diqqətdən kənarda saxlanılmamasını tələb ediblər.
Aksiya iştirakçıları əllərində “Azad edin!” yazılmış plakatlar və həbsdə olan şəxslərin portretlərini tutublar. İştirakçılardan biri nümayəndəlik binasının qarşısına tort da gətirib. O bildirib ki, bu gün Areqnaz Manukyanın qızının doğum günüdür. Qadın tortu girişdə qoyacağını deyərək Aİ nümayəndəliyində çalışan insanların məsələnin vətəndaşların və onların övladlarının taleyi ilə bağlı olduğunu anlamalı olduqlarını vurğulayıb.
“Bu, ataları, babaları, anaları və digər yaxınları həbsdə olan uşaqların hiss və yaşantılarının bir növ simvoludur”, - deyə o bildirib.
Aksiya iştirakçıları Aİ-yə üzv ölkələri nəhayət “gözlərini açmağa” və Ermənistanda vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı problemləri görməyə çağırıblar.
Vəkil Zarui Postancyanın sözlərinə görə, həbslər insanları susdurmaq və hakimiyyət üçün arzuolunmaz şəxslərlə hesablaşmaq vasitəsinə çevrilib.
“İnsanların evlərinə basqın edilərək onları yerə yıxmaq, ailə üzvlərinin və uşaqlarının gözü qarşısında həbs etmək zorakılıqdır”, - deyə o bildirib.
“Ana Ermənistan” partiyasının üzvü Areqnaz Manukyan iyulun 9-da evində axtarış aparıldıqdan sonra iki aylıq həbs edilib. Müxalifət siyasətçisi dövlət sirri təşkil edən məlumatları yaymaqda ittiham olunur.
Manukyan istintaq təcridxanasından göndərdiyi məktubda təqsirsiz olduğunu bildirib. O, həmçinin xarici aləmdən təcrid edildiyini, hətta 13 yaşlı qızı və 85 yaşlı anası ilə telefonla danışmaq imkanının olmadığını qeyd edib. Yalnız avqustun 19-da müstəntiq onun qızı ilə görüşünə icazə verib.
Daha əvvəl bildirilmişdi ki, anasından tamamilə təcrid olunması səbəbindən qız ağır psixoloji stress keçirir və bu, psixosomatik əlamətlərlə müşayiət olunur.