Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hakim "Gürcü Arzusu" partiyasını və onun banisi Bidzina İvanişvilini ölkəyə qarşı xəyanətdə və dövlətçiliyin ləğvinə zəmin yaratmaqda ittiham edib. Saakaşvili Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyat fonunda Tbilisi rəhbərliyinin işğal altındakı Abxaziya üzərindən Moskvaya yanacaq tədarük etdiyini iddia edərək, ölkədəki bütün vətənpərvər qüvvələri birləşməyə və hakimiyyətə qarşı ümummilli müqavimət dalğası yaratmağa çağırıb: "Böyük əziyyətlə qurulmuş bugünkü Gürcüstan dövlətinin ləğvinə hazırlıq görülür.
Belə bir vəziyyətdə partiya mənsubiyyətinin, siyasi və şəxsi fikir ayrılıqlarının heç bir əhəmiyyəti yoxdur - bütün vətənpərvərlər bir araya gəlməli, ümummilli xilas dalğası yaratmalı və bunları hakimiyyətdən süpürüb atmalıyıq. Çünki artıq Gürcüstanın məhv edilməsinin son mərhələsinə keçiblər" .
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında "Gürcü Arzusu" partiyasının Rusiya ilə yaxınlaşması və bu ölkə ilə mövcud olan iqtisadi əlaqələrin hər kəsə məlum olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində Rusiyada ciddi benzin və yanacaq qıtlığı yaranıb: 
"Sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstanın Abxaziya üzərindən Rusiyaya yanacaq ixrac etməsi barədəki bəyanatları isə Qərbə ünvanlanmış bir mesaj xarakteri daşıyır.
Bu iddiaların ana xətti ondan ibarətdir ki, "Gürcü Arzusu" partiyası və Bidzina İvanişvilinin nüfuzu altında olan Gürcüstan hökuməti Rusiyaya birbaşa iqtisadi və yanacaq dəstəyi göstərir. Müxalifət bu iddiaları əsas gətirərək Qərbi indiki Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Görünür, müxalifətin əlində bu iddiaları dəstəkləyən müəyyən sübutlar var və onlar bundan hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edirlər".
Siyasi ekspertin fikrincə, "Gürcü Arzusu" hökumətinin xarici siyasət kursunda dəyişiklik etdiyi aydın görünür: "Onlar manevr siyasəti yürütməyə çalışsalar da, praktiki olaraq Rusiya ilə əlaqələrin dərinləşdirilməsinə üstünlük verirlər. Saakaşvilinin də qeyd etdiyi kimi, hakim partiya faktiki olaraq Qərb yönümlü xarici siyasətdən imtina edib və Rusiyaya yanacaq tədarük etməklə Ukraynadakı müharibədə Moskvaya dəstək göstərmiş olur".