Yeganə çıxış yolu dini liderin bütün səlahiyyətləri prezidentə təhvil verməsi və çəkilməsidir
"Prezident də etirazçılarla danışıqlara gedib tələblərinə uyğun islahatlar apararaq iqtisadi və digər sahələrdəki problemlərin həllinə nail olmasıdır. Əks halda İranı xoş olmayan aqibət gözləyir"
İranda son günlər müşahidə olunan etiraz dalğası təkcə təhlükəsizlik və siyasi müstəvidə deyil, eyni zamanda sosial-iqtisadi kontekstdə də ciddi müzakirələrə səbəb olub. Bir sıra şəhərləri əhatə edən aksiyalar, hakimiyyətin sərt müdaxiləsi və rəsmi Tehranın hadisələrə münasibəti ölkə daxilində dərin ziddiyyətlərin mövcud olduğunu bir daha gündəmə gətirib.
İranın xarici işlər naziri Abbas Əraqçi aksiyaların müvəqqəti məzənnə dəyişkənliyindən təsirləndiyini və vətəndaşların dinc etiraz etmək hüququnun olduğunu bildirib. Lakin o, hər hansı zorakı hərəkətləri qəbuledilməz adlandırıb: "İranın böyük xalqı daxili işlərinə hər hansı müdaxiləni qətiyyətlə rədd edəcək. Eynilə, güclü silahlı qüvvələrimiz də hazırlıq vəziyyətindədir və İranın suverenliyinə hər hansı bir müdaxilə olarsa, harada hədəf alacağını dəqiq bilir".
İrandakı prosesləri "Sherg.az"a şərh edən Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan açıqlamasında İran rejiminin hazırda çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Onun sözlərinə görə, islahatçı prezident və mühafizəkar ali dini rəhbərin komandası arasında uçurum dərinləşir:
"Etirazlar köklüdür. İqtisadi böhran səbəblərdən sadəcə biridir. Xalq artıq rejimi süpürüb atmaq niyyətindədir. Bunu prezident də bilir. Odur ki, açıqlamalarında etirazçıları haqlı sayırlar. Daxili auditoriyanı sakitləşdirmək mümkün olmayacaq. Abbas Əraqçi sadəcə belə açıqlamalarla xaos zamanı danışıqlara əl yeri saxlayır, yaxud çevrilişdən sonrakı dövr üçün özünü sığortalayır. Silahlı qüvvələrin hazırlıq vəziyyətini xarici müdaxilənin qarşısını almaq üçün diqqətə çatdırır. Bilir ki, silahlı qüvvələrinin etirazçılara hücumu birbaşa üsyanı alovlandıracaq. Daxili auditoriyanı sakitləşdirəcək yeganə şəxs Prezident Pezeşkiyandır ki, o da dəfələrlə fikrini ifadə edib və günahı rejimin üstünə atıb. Artıq qərar verilib demək. Xarici təsirlər, əsasən İsrail və ABŞ-nin kəşfiyyat qurumlarının fəaliyyəti, agentura şəbəkələrinin iş aparması daxili narazılıqlarla həmahəng formada ciddi üsyanların təməlini qoydu. Artıq kürdlər də qalxıb, hətta rejimə mesaj da göndəriblər ki, nə badə sakit getməyib silaha ət atalar. Əsasən farslar yaşayan bölgələrdə qalxan əhali dini liderə ölüm şüarları səsləndirir və şahın oğluna təriflər deyirlər. ABŞ-nin planı da şahın nəslini yenidən İranda hakimiyyətə gətirməkdir. İsrailin növbəti hərbi müdaxiləsi, hava qüvvələrinin raket və nüvə obyektlərinə zərbə endirməsi gözlənilir. Görünür Netanyahuya ABŞ-da Trampla görüşdə bu müdaxiləyə yaşıl işıq yandırılıb. Əgər yaxın vaxtlarda etirazlar rejimə qarşı ciddi nəticələrə səbəb olmasa İsrail dərhal nüvə obyektləri adı ilə dövlətin əsas şəxslərini yenidən hədəfə alaraq etirazların ciddi nəticə verməsinə çalışacaq, əhaliyə dəstək verəcək. Odur ki, hazırda əsasən ilk planda daxili etiraz dalğalarını gücləndirmək, mümkün qədər bütün bölgələri ayağa qaldırmaq üçün çalışılır".
Tural İrfan hesab edir ki, rejimin mühafizəkar qanadına bağlı olan silahı qüvvələrin açarı ali dini liderin əlindədir: " Son anda qərar imzalayıb səlahiyyətlərini Prezidentə verə və çəkilə bilər. Amma bu olmaya da bilər. Ola bilsin o təhvil verməyib rejimin tam çökdüyü halda şahın vadisinin qayıtmasına şərait yaratsın. Hər halda bu etirazlar əvvəlkilərdən fərqlidir. Burada hakimiyyətin Prezident qolu da demək olar ki, etirazlara dəstək verir. Ancaq hələ ki, xalq kütlələrinin daxildə etibar etdiyi lider yoxdur və ona görə də şahın oğlunu dövrəyə salmağa cəhd edilir. Əgər Pezeşkiyan dediyi kimi danışıqlara gedib etirazçıların kontrolunu nəzarətinə götürə bilsə məxməri inqilabla böyük qırğınların qarşısını almaq olar. Yox, əgər lidersiz, kontrolsun üsyanlar vüsət alarsa İranı xaos bürüyəcək və Prezidentin də bir rolu qalmayacaq, əsas təsir və xaosu idarə etmə vəzifəsi İsrail və ABŞ-nin əlində cəmləşəcək. Bədbəxtlik ondadır ki, dini lider və ətrafı rejimin ömrünün bitdiyini və çürüdüyünü qəbul etmək istəmir. Reallıqla deyil, xülya və xurafi inancla ölçürlər siyasi prosesləri. Anlamırlar ki, İmam Mehdi gəlməyəcək və möcüzə gözləməyə ehtiyac yoxdur. Hər şeyin ömür müddəti olduğu kimi rejimin də ömrü bitib, can verir. Bunu Prezident anlayır və qəbul edir. Dolayı yolla dilə də gətirir, sətiraltı mesajlar verir. Amma dini lider rejimlə bərabər ölkəni, xalqı da uçurumun ağuşuna atmaq istəyir. Bu mövqe ilə də İsrailin və ABŞ-nin planlarına şərait yaratmış olur. Yeganə çıxış yolu dini liderin bütün səlahiyyətləri prezidentə təhvil verməsi və çəkilməsidir. Prezident də etirazçılarla danışıqlara gedib tələblərinə uyğun islahatlar apararaq iqtisadi və digər sahələrdəki problemlərin həllinə nail olmasıdır. Əks halda İranı xoş olmayan aqibət gözləyir. Bu aqibət regionda da gərginliyi, narahatlıqları artıra bilər".