Rusiya mətbuatında yayılan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında Moskva ilə münasibətlərdə gərginliyi artıracaq mesajlar verib. Məqalədə bildirilir ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki il əvvəl Ermənistanla bağlı söylədiyi fikirlərə cavab olaraq ölkəsinin Çin, ABŞ, Avropa İttifaqı, İran, Gürcüstan, Fransa, Almaniya, Polşa və Böyük Britaniya ilə əməkdaşlığını vurğulayıb, lakin Rusiya, Avrasiya İqtisadi İttifaqı və KTMT-ni tərəfdaşlar sırasında qeyd etməyib.
Yazıda iddia olunur ki, Paşinyan Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi fitosanitar məhdudiyyətlərə görə narazıdır və Avropa İttifaqının təsiri altında Moskva ilə münasibətləri zəiflətməyə çalışır.
Sherg.az xəbər verir ki, Məqalədə Paşinyanın Ermənistan ərazisində 30 ildir ödənişsiz fəaliyyət göstərən obyektlərə görə ildə 2 milyard dollar icarə haqqı tələb oluna biləcəyi barədə açıqlamasının Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasına işarə etdiyi iddia edilir. Müəllif hesab edir ki, belə bir addım Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirə və regionda təhlükəsizlik balansına təsir göstərə bilər.
Qeyd edək ki, bu məlumat Rusiya mətbuatında dərc olunan şərh xarakterli məqalədə yer alan iddialara əsaslanır və Ermənistan hökuməti tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.