Tarixin ən məşhur fırıldaqçıları kimlərdir? - Siz də tanıyın! 



Dünya ən müxtəlif insanların həyat hekayələri ilə doludur. Alın təriylə pul qazanmaq, halal zəhmətlə varlanmaq istəyənlər də var, asan yolla, başqalarına fırıldaq gələrək, aldadaraq varlanmağa çalışanlar və buna nail olanlar da var. Tarixin ən böyük, məşhur fırıldaqçıları kimlərdir?  

Sülün Osman 

Türkiyədə fırıldaqçı deyiləndə, ağla gələn ilk isim Sülün Osmandır. Bu adam hətta film qəhrəmanı da olub. Adı dillərdə dolaşıb. Sülün Osman, xüsusilə Anadoludan şəhərə gəlmiş saf, qəlbi təmiz, məkr, yalan bilməyən insanlara fırıldaq gəlirmiş. Bu adam Qalata qülləsini və Bəyazit meydanını insanlara “satmışdı”. Sülün Osmanın İstanbula yeni ayaq basanlardan şəhər meydanındakı saata baxmaq üçün pul aldığı da danışılırdı.  
Sülün Osman “Amerikalı” ləqəbi ilə də tanınır. Nyu-Yorkun ən məşhur məkanlarını – Metropol Muzeyi, Azadlıq Heykəli, Bruklin Körpüsünü bir neçə dəfə “satıb”.  Hətta pulu çatmayanlara “hissə-hissə ödəyərsiniz” deyə fırıldaq gəlirmiş. 1928-ci ildə yaxalanıb ömürlük azadlıqdan məhrumetmə cəzası alıb, Azadlıq heykəlini “satan”.

Güney Zobu (Raki)

Güney Zobunun dolandırdığı adamlar gizli işlər, gizli ticarət yürütdüklərindən onu polisə şikayət edə bilməyiblər. Rakinin “mərifətləri” valyuta ilə bağlı olub. O zamanlar valyutaya sahib olmaq cinayət tərkibli əməl sayılırmış. Raki də Almaniyadan, ya da Amerikadan gələn valyuta daşıyıcısı kimi özünü tanıdır, insanlarla mehmanxanalarda görüşür,  onlara “valyutam var”, deyərək aldadır, pullarını alırmış. Güney Zobu – Rakinin prototipi Türkiyənin yerli istehsalı olan  “Tokatçı” filmindəki “Karbonat Erol”dur.   

Bankir Kastelli

Bankir Kastelli əslində dolandırıcı olmayıb, sadəcə, yüksək faizlə sələmçilik edirmiş, lakin yaşanan olaylar onu da fırıldaqçı kimi tanıtdı. Bankir aylıq 12 faizlə sələmə pul verirmiş. Milli gəlirin 70 milyon dollar olduğu zamanda bankir Kastellinin əlində 100 milyon pul varmış. 40 bankın işçisini kənarda qoyan qərara imza atmasıyla işlər birdən tərsinə dönüb, iflas edən Kastelli isə xaricə qaçıb. 
 
Bankir Bako

Bankir Bako da banklara fırıldaq gəlirmiş. 80-ci illərdə minlərlə insanın pulunu yeyib, geri qaytarmamaqla “şöhrət tapdı”. Banklardan kredit alarkən imza əvəzinə çobanyastığı gülü şəkli çəkirmiş. Buna görə də adı “papatyalı bankir” çağırılırmış. Bako fırıldaqçılıq üstündə illərlə həbsdə yatdı.  

Ayşə Bənli və komandası 

Ayşə Bənli komandasıyla Las-Veqasdakı “dolandırılması mümkün deyil”, deyilən qumarxanaya fırıldaq gəlib. Yaxalansa da, heç bir dəlil, sübut tapılmadığından azad edilmişdi. Daha sonra izini 2 milyon dollarlıq pulla itirdi.  

Səlcuq Parsadan

Səlcuq Parsadan 1990-cı illərdə dövlət rəsmilərini aldatmaqla məşhurlaşıb. Təqaüddə olan general-leytenant Necdət Öztorunun adından istifadə edərək gizli büdcədən 5,5 milyon lirə ələ keçiribmiş.  

“Əyyublu” Xalid 

“Əyyublu” Xalid haqqında 3 iddia var. Birincisi,  İstanbulun işğal günləri ilə əlaqəlidir. O günlərdə Xalid saxta polis məntəqəsi yaradıbmış, şəhərdəki azsaylı xalqların nümayədələrini  guya “xəbərçilik” suçu ilə yaxalayır, sonra da rüşvət alıb buraxırmış. İstanbulun azadlığa qovuşması ilə Xalid itkinlər siyahısına qarışıb. İkinci iddia isə budur ki, guya Xalid İtaliya diktatoru Benito Mussolinini dolandırıb. Xalid Mussoliniyə məktub yazıb. Məktubda bildirib ki, onun ideyalarını bəyəndiyi, fikirlərini yaydığı üçün həbs ediblər. Bir neçə gün so
nra İtaliyanın baş konsulu Xalidlə görüşmək üçün həbsxanaya gəlib. Həm də ona pul gətirib. Amma məsələnin məğzi ortaya çıxıb. Xalid deyib ki, pulsuz qaldığı üçün bu yalanı uydurub. Üçüncü iddia isə lap heyrətlidir. Xalid 68 qadını evlənmə vədiylə aldadıb. Pullarını, zinət əşyalarını oğurlayıb qaçıb. Xalid yaxalanıb həbsə atılıb və həyatını orada başa vurub. 

Qreqor MacQreqor  

Bu adam özü üçün xəyallar ölkəsi qurub, Amerika qitəsindəki bir ölkənin şahzadəsi olduğunu söyləyib, guya ki, orada malik olduğu zəngin mədənləri “satmışdı”. Mədənlərə məxsus hissələrini ingilis sərmayədarlarına 200 min sterlinqə satıbmış. 

Frank Abaqnale

Frank Abaqnale özünü “PanAm” pilotu olaraq tanıdıbmış. 1960-cı illərdə saxta çeklər vasitəsilə ümumilikdə 2,5 milyon dollar əldə etmişdi. “PanAm” pilotu kimi 26 ölkəyə pulsuz uçuşlar gerçəkləşdirmiş, özünü həkim, hüquq müşaviri kimi tanıtmışdı. Maraqlı olan budur ki, törətdiyi əməllərə görə ABŞ-da həbsə alınan Frank Abaqnale azadlığa çıxdıqdan sonra fırıldaqçılarla mübarizə üzrə məsləhətçi kimi çalışmağa başlayıb. Onun həyatı da filmə çəkilib. Məşhur rejissor Stiven Spilberq 2002-ci ildə çəkdiyi “Bacarırsan, yaxala” filmində Frank Abaqnalenin həyatını canlandırıb. 

Çarlz Ponzi 

Çarlz Ponzi dünya fırıldaqçıları arasında adını “qızıl hərflərlə” yazdırmış birisidir. 1920-ci ildə qurduğu “səadət zənciri” sayəsində milyonlarla dollar qazanıb. Həbsə alınıb, amma saxta səhmləri yenə sərmayədarlara  sata bilib. ABŞ hökuməti Ponzini İtaliyaya deportasiya edib. Çarlz Ponzi isə 1949-cu ildə İtaliya diktatoru Mussoliniyə müşavirlik edib.  

Hazırladı:  Məlahət