40 saat işlədi...

Səma daşından nişan üzüyü düzəltdi 


Nişanlanmağa hazırlaşanların nişan üzüyü axtarışları da bir başqa aləmdir. Hamı istəyir ki, nişan üzüyü başqalarından fərqlənsin, qeyri-adi olsun, dost-tanışa nümayiş etdirib öyünsün. Günümüzdə bu, çətin işdir. Çünki zərgərlik məmulatlarının demək olar 99 faizi bir-birinin eynidir. Sanki hamısı eyni qəlibdən, eyni zərgər əlindən çıxıb. Bir nəfərsə kimsənin ağlına gəlməyəni edib.  Göy daşından – nə vaxtsa səmadan yerə düşmüş daş parçasından nişan üzüyü düzəldib.

“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, adam bu iş üçün nə az, nə çox, düz 40 saat çalışıb. Xüsusi alətlərdən istifadə etməklə əvvəlcə daşın ortasında dəlik açıb. Sonra onu saatlarla cilalayıb, üzüyün qaşı üçün də yer müəyyən edib. 

Nəticə heyranedici olub. Səma daşından nişan üzüyü hazırlayan adam gördüyü işin bütün detallarını əks etdirən videonu sosal şəbəkədə yerləşdirib.

Bir müddət əvvəl buna bənzər bir sənətkarlığı Qərbi Afrika ölkəsi Namibiyada “Laporkensten” adı altında “Reddit” sosial şəbəkəsində bir nəfər də paylaşmışdı. Bu daş XIX əsrdə göydən yerə düşmüş Gibeon meteoriti idi. Laporkensten  meteoritin kiçik bir parçasından üzük düzəltmişdi. Bu işi şəxsi avtomobil qarajında qurduğu dəzgahlar sayəsində icra etmişdi. Gibeon meteoriti XIX əsrdə yerə düşərək 275 kilometrlik bir əraziyə yayılan meteoritdir. Sənətkar demişdi ki, meteorit parçasını üzük halına salmaq üçün polad bıçaq istehsalındakı üsullardan istifadə edib.  Amma hər “təbii”, “mineral” adı verilən daş da göydəndüşmə deyil. Qeyri-adilik axtaranlar görünüşə aldanmasın.