Qartal yuvasına toyuq yumurtası qoydu

Əsl tamaşa balalar yumurtadan çıxan vaxt yaşanıb


Macarıstanlı Daniel ana qartalla anaş toyuq üzərində təcrübə keçib. Kiçik demək olmaz, əksinə, böyük bir təcrübə. Çünki təcrübənin məqsədi anaların öz balalarını nə qədər yaxşı tanıyıb-tanımadığını, “analıq” hisslərinin hansı canlıda daha üstün olduğunu üzə çıxarmaq olub. Deməli, həyətində toyuq-cücə bəsləyən Daniel yaxınlıqda bir qartalın da yumurtaları üzərində yatdığını görüb. Qartal növbəti dəfə havaya qalxıb ənginliklərdə süzdüyü zaman Daniel onun yuvasına “əl uzadıb”.
Ana qartalın yumurtalarından birini oğurlayıb və gizlicə həyətdə kürt yatan toyuğun yumurtalarının arasına qoyub. Əsl tamaşa balalar yumurtadan çıxan vaxt yaşanıb. Toyuq yumurtadan çıxanlar arasında qartal balasının olduğunu fərq etməyib, bəlkə də edib, amma davranışları bunu büruzə verməyib. Ana toyuq cücələrlə bərabər qartal balasını da himayəsi altına alıb və onu da yemləməyə başlayıb. Qartalın davranışları isə tamam fərqli olub.  Qartal yumurtadan  çıxanlardan birinin özünə oxşamadığını  dərhal fərq edib. Ona qəribə - qartalvari nəzərlərlə baxmağa başlayıb. Lakin ona toxunmayıb, amma balalarından ayırıb. Ovladığı qəniməti didib balalarına yedirən ana qartal toyuğun cücəsini yemləməyib.  Yəqin bununla başa salmaq istəyib ki, ot, dən yeyən ət yeməməlidir. Danielsə bununla sübut edib ki, analıq duyğuları hər bir canlıda var, lakin fərqli biçimdə.