Tələb artır

Balıq 70, başındakı daş 600 lirəyədir

Balıq daşları böyrəyə ən yaxşı dərmandır

Balıq mövsümündə qeyri-adi hal yaşanıb. Balıqçılardan biri baş hissəsində parıltılı, rəngarəng 2 daş olan balıq tutub.  Onu görənlər “bunlar şəfalı daşlardır” , deyərək növbəyə düzülüblər. “Qaraqulaq” adlanan bu balıq balıq həvəskarlarının marağına səbəb olub. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, “Qaraqulaq” balığı  70 lirəyə, başındakı daşlar isə 600 lirəyə satılır. Yəni daşlar balığın özündən qiymətlidir.  Hazırda Türkiyənin balıq bazarında “qaraqulaq”la yanaşı, “granyoz”, “eşkina” növləri daha çox alınır. “Qaraqulağ”ın başındakı daşların böyrək xəstəliyinin müalicəsində istifadə olunduğu haqda xəbərlər yayıldıqdan sonra bu balığa tələbat daha da artıb.

Balıqçı İlker Kekik DHA müxbirinə açıqlamasında deyib ki, “qaraqulağ”ın başındakı kristalların böyrək çatışmazlığı və öd kisəsi probleminə qarşı istifadə olunduğunu bilir: “4 dənə belə daşı əzib, toz halına salır, üzərinə yarım limon suyu əlavə edirlər. Bu, böyrək daşını, öd kisəsindəki daşları düşürmək üçün istifadə olunur. Bir balıqdan 2 daş çıxır.

Müştərilər aldıqları balıqları bizə təmizlətdirir, balığın içindən çıxan daşları da istəyirlər.

Dayanıb gözləyirlər ki, balığın içindən neçə daş çıxacaq. Ləzzətindən daha çox daşlara maraq göstərirlər”. Balıqçının dediklərini Ağdəniz Universiteti Su məhsulları fakültəsinin professoru Mehmet Gökoğlu da təsdiqləyib: ”Eşkina balıqlarının daxilindəki kristallaşmış daşların böyrək daşına qarşı xeyirli olduğu keçmişdən bugünümüzədək məlumdur.

Balıqlardakı bu daşlar kalsium-karbonat tərkiblidir. Bəyaz rəngli, dırnaq ölçüsündə daşlardır. Belələrindən istifadə edilməlidir”. Lakin professor xalq arasında bu daşların böyrək xəstəliklərində istifadə edilməsinə rəğmən elmi sübutların hələ olmadığını da deyib.