Adam kimi adam...

Yerli əhalinin rəğbətini qazanıb

57 yaşlı təmizlik işçisi çirkli şüşələrdə sənət əsərləri yaradır

   Palçıqlı avtomobillərə, çirkli şüşələrə “məni yu!” səssiz etirazların yazıldığını  görməmiş deyilsiniz. Paytaxtımızda belədi. Hələ söyüş, nalayiq sözlər yazanlar da olur. Türkiyənin Trabzon şəhərinin Araklı Bələdiyəsində təmizlikçi işləyən 57 yaşlı Erol Ceylan isə tozlu, çirkli şüşələrdə sənət əsərləri yaratmağı bacarıb.  Erol Ceylan rəssamlıq istedadını tozlu şüşələr üzərində nümayiş etdirmək yolunu seçib. Erol bələdiyyə işçisi olaraq küçələri təmizləyir, zibilləri daşıyır, tozlu, palçıqlı avtomobil şüşələri üzərində isə rəsmlər, müxtəlif mənzərə şəkilləri, portretlər də çəkir. Hətta bələdiyyə ərazisinə daxil olan divarlara da müxtəlif maraqlı rəsmlər şəkir, küçələrdə fiqurlar düzəldir. Bunları daşları, taxtaları yonaraq edir. Yəni əlavə hansısa materialdan istifadə etmir, əlinin altında, gözünün gördüyü nə varsa, ondan yararlanır. 

Erol Ceylanın rəssamlıq, heykəltəraşlıq məharəti yerli əhalinin rəğbətini qazanıb. NTV.com-tr xəbər verir ki, bu barədə E.Ceylan İHA-ya danışıb: Təhsil almamışam. Bizim vaxtımızda belə imkanlar yox idi. Anamla bacı-qardaşları foto çəkdirmişdilər, fotonu anama göndərmişdilər. Anam o fotonu sandığında saxlayırdı. Həmin fotonu sandıqdan  gizlicə çıxartdım, arxa tərəfinə qələmlə eynisini həkk etdim. Arxa tərəfdən çəkmişdim deyə, foto cızılmışdı, buna görə  anam əsəbiləşdi. Amma mən rəsm çəkmək istəyindən əl çəkmədim. İbtidai sinifdə oxuyanda Atatürkün daşdan büstünü düzəltdim.  

Dənizin altında da sahildən topladığım daşlarla rəsmlər çəkirdim. Bu məndə anadangəlmə istedaddır. Ailəmizdə başqa heç kimdə belə istedad yoxdur” deyən Erol Ceylan hər yerə rəsmlər çəkmək istədiyini, hər tərəfi gözəlləşdirməyə çalışdığını söyləyib.

 Rəssamlıq həvəsi və ətrafın gözəl görünməsi istəyi o qədər güclüdür ki, tozlu avtomobil görəndə dinc dayanmır, tozun, çirkin üstünə müxtəlif rəsmlər çəkir.  E.Ceylan deyir ki, bundan xoşlananlar da var, etiraz edənlər də “bəzən döyüləcəyimdən qorxuram, çünki avtomobil şüşələrinə rəsm çəkməyimi hər kəs eyni cür anlayışla qarşılamır”. 

E.Ceylan rəsmləri çəkərkən fırçadan istifadə etmir. Süngər, ya da barmaqlarıyla çəkir. 

E.Ceylanın uşaqlıq dostu Nizaməddin Bayraktarsa deyib ki, dostu bəzən palçıqdan, bəzən qar topasından, bəzən də bir odun parçasından sənət əsərləri ortaya çıxarır: “Bizi təəccübləndirməyi bacarır”.