6 ayda 20 min kilometr uçdu


Dünyanı dolaşan qartal cihaz vasitəsi ilə saniyə-saniyə izlənib

   Türkiyənin İğdır bölgəsində fəaliyyət göstərən Quzey Təbiət Dərnəyi  “Aras” Quşları Araşdırma Mərkəzində həyata keçirdiyi layihə çərçivəsində şimal yarımkürəsindən cənub yarımkürəsinə köç edən “kiçik qartal” cinsi quşu təqib altına alıb. Bu qartalın elmi adı “Hieraaetus-pennatus”dur. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, kiçik qartalın belinə  2021-ci ilin 13 sentyabr tarixində 10 qramlıq peyk cihazı yerləşdirilib. Bu cihaz sayəsində quşun köç trayektoriyası saniyə-saniyə qeydə alınıb. Və qartalın çox maraqlı səyahəti ortaya çıxıb.

Qartal təbiətə buraxıldığı gün Türkiyənin Van bölgəsinə uçub. Oradan İran ərazisinə, sentyabrın 14-də isə Hakkariyə “gələrək”, oradan da İraq ərazisinə keçib. İraqda 3 gün qalıb. Sentyabrın 17-də İraqla Səudiyyə Ərəbistanı sərhədindəki “İmam Turki bin-Abdullah” Qoruğu ərazisindən keçərək Səudiyyə Ərəbistanına çatıb.

 7 gün orada qalıb. Sentyabrın 24-də Yəmənə uçub, oradan Qırmızı Dəniz sahiliylə Afrikaya - əvvəlcə Cibutiyə, daha sonra Efiopiyaya uçub. 

Qartal 1 ay Efiopiyada qalıb. Oktyabrın 30-da Keniyaya, 31-də Uqandaya uçub və burada tam 5 ay qalıb. Qartalın Uqandanın Nakarapirpirit bölgəsində yuva qurduğu məlum olub. 

Cənub yarımkürəsində qış mövsümünün başlanmasıyla qartal yazın başladığı şimal yarımkürəsinə köç etməyə başlayıb. Qartal Uqandadan 2022-ci ilin 12 martında yola çıxıb. Hazırda qartal yenə də Səudiyyə Ərəbistanında, “İmam Turki bin-Abdullah” Qoruğu yaxınlığındadır. Quşun İğdırdan çıxdıqdan sonra 20 min kilometr məsafə qət etdiyi müəyyənləşib. Səyahət əsnasında qartalın yolunun üstündəki qoruq ərazilərinə və ya milli parklara “baş çəkdiyi”, bəzisində bir neçə gün qaldığı məlum olub. Hətta qartal dünyanın ən böyük qumlu çölü olan Rub-al Xalinin qərb səmtindəki Uruq Bani qoruq ərazisində də qalıb. Qartalın səyahəti, dayanacaq yerləri, harada daha çox qaldığı peyk cihazı vasitəsilə görüntülənib, səyahət  trayektoriyasının videosu da hazırlanıb. 

Quzey Təbiət Dərnəyinin koordinatoru Əmrah Çoban bildirib ki, quşların  köçü ilə bağlı mərkəzdə tədqiqat aparılır. Əraziyə köç edən quşlar müşahidə altına alınır. 

Təqib edilən kiçik qartal 6 ayda 20 min kilometr məsafə qət edib, səmada bəzən 3 min 500 metrə yüksəklikdə uçub. 

Hazırda köç davam edir. Ümid edirik ki, yenə İğdır üzərindən uçacaq və burada nəsil artıracaq. İğdır quşların köç sırasında ən uzunmüddətli məskən saldığı bölgələrdəndir. Bu qartal yetişkindir və 700 qram ağırlığındadır. Kiçik qartal növü təhlükə altında deyil, stabil şəkildə nəsilartırma mövcuddur. 

Orta ömür uzunluğu  7 ildir. Qartalın 10 gün içində İğdıra çatıb bir müddət qaldıqdan sonra Rusiya ərazisinə keçərək şimal yarımkürəsində məskən salacağı gözlənilir.