Meteor yağışı bu tarixdə! - Əyləncəli, yoxsa qorxulu təbiət hadisəsi?

Yanvarın 3-nə keçən gecə meteor yağışı gözlənilir

Bu, qorxulu hadisə deyil, əksinə, çox maraqlı və əyləncəli bir təbiət hadisəsidir

  Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün "kvadrantidlər" kimi tanınan meteor seli müşahidə olunacaq.
Bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat xidməti məlumat yayıb.
Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.
  Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.
"Ulduz yağışı"nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur.
  Həvəskar astronom Nazim Həsənov isə "Sherg.az"a açıqlamasında deyib ki, meteorlar Günəş sisteminin kiçik cisimlərindən biri olmaqla kometlərin parçalanması nəticəsində yaranır. Onlar böyük sürətlə yer atmosferinə daxil olaraq atmosferlə sürtünmə nəticəsində əriyərək alışır. N.Həsənovun sözlərinə görə, meteorların əksəriyyəti atmosferin 80–120 km hündürlüyündə alışır və 30–40 km hündürlükdə toz halında atmosferə qarışaraq sönür: "Əsas meteor yağışlarına Orionidlər, Leonidlər, Perseidlər, Liridlər, Kvadrantidlər, Eta akvaridləri, Ursidlər, Delta akvaridləri, Cənubi Tauridlər, Drakonidlər və Əkizlər daxildir.
Meteor yağışları arasında Kvadrantidlər öz fərqliliyi ilə seçilir. Bu, əsasən onun qısa zaman kəsiyində, cəmi bir neçə saat davam edir. Düzdür, Kvadrantidlər yağmuru əslində 28 dekabr-12 yanvar tarixləri arasında müşahidə edilsə də, onun pik həddi cəmi 2 saat davam edir. Ümumi aktiv davametmə müddəti 6-8 saat olsa da, əsas pik vaxtı çox qısadır və bunu əldən versəniz, çox meteor izləmək şansınız azalacaq.
Kvadrantidlər daha yaxşı tanınan Perseid və Əkizlər yağışlarının daha bol və qısa sürən sıx axını ilə fərqlənir. Əgər şansınız gətirərsə, uyğun mövqedə aydın səma altında saatda 100-120 və ya daha çox meteorit izləyə bilərsiniz.
  Kvadrantid meteorlarının 1490-cı ildən bəri müşayiət olunmayan kometanın parçalanmasından yarandığı təxmin edilir".
  Kvadrantidləri nə vaxt izləmək olar sualına gəldikdə isə N. Həsənov deyib ki, meteor yağışını 4-5 yanvar tarixlərində gecə səmanın şimal-şərq istiqamətində gecə yarısından səhərə qədər izləmək mümkündür: "Radiant məkanı Böyük Ayı bürcü və Arcturus ulduzu arasındakı düzbucaqdadır.
  Meteor yağışına baxmaq üçün heç bir xüsusi avadanlıq tələb olunmur. Həqiqətən sizə lazım olan tək şey aydın səma, səbir və doğru istiqaməti seçməkdir.
Daha ideal izləmək üçün şəhər işıqlarından uzaq, tənha bir baxış yeri tapın. Hava şəraitinə uyğun geyinin və rahat olduğunuzdan əmin olun, xüsusən də uzun müddət çöldə qalmağı planlaşdırırsınızsa, özünüzə isti paltar və ya rahat kreslo gətirin.
  Baxış yerinizi tapdıqdan sonra yerə uzanın və səbrlə səmaya baxın. Gözlərinizin qaranlığa alışması 15-20 dəqiqə çəkə bilər, sonra isə bütün səma sizin olacaq".
  Astronom qeyd edib ki, meteor yağışının Yerə və insanlara heç bir mənfi təsiri yoxdur. Bu, qorxulu hadisə deyil, əksinə, çox maraqlı və əyləncəli bir təbiət hadisəsidir.