Koronavirus pandemiyası gündəmə gəldiyi vaxtdan alimlər deyirlər ki, bu xəstəlik immuniteti zəif olanları daha tez “yaxalayır”. Körpələrin bu kateqoriyaya aid olması heç kimə sirr deyil. Elə isə məşhur mütəfəkkir Hötenin dediyi kimi, qığıltıları ən gözəl musiqi olan uşaqlarımızı necə qorumalıyıq?
"Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin sədri Sveta Rəfiyeva “Sherg.az”a açıqlamasında valideynlərə tövsiyələrini verib:
“Övladlarımızın immunitetini gücləndirmək məqsədilə ilk növbədə onların qidalanmalarına və yuxu rejiminə diqqət etmək lazımdır. Bu, ən mühüm məsələdir. Həmçinin körpəyə mümkün olduqca günəş vannası qəbul etdirmək zəruridir.
Çünki D vitamini uşaq orqanizmi üçün xüsusi əhəmiyyətlidir. Eyni zamanda övladlarımızı bacardığımız qədər elektronikadan uzaq tutmalı və onların hərəkətliliyinə diqqət etməliyik.
Nəzərə almaq lazımdır ki, radiasiya nəinki uşaq, böyük orqanizmi üçün də ciddi təhlükədir. Radiasiya çox olan evdə oturmaq Çernobılda yaşamaq deməkdir. Əgər bu sadə qaydalara əməl etsək, körpələrimizi sağlam böyüdə bilərik”.