Qəbizliyin yaranma səbəbləri və müalicə üsulları... – Həkimdən tövsiyə 

Qəbizlik həzm sistemində tezt-tez rast gəlinən pozulmalardan biridir. Əksər hallarda bağırsaqlarda qidadan çox su sovrulması baş verir. Qida bağırsaqda nə qədər yavaş hərəkət edərsə, bağırsaq o qədər çox su sovurur. Nəticədə nəcis kütləsi quru və sərt formalaşır. Belə olan halda bağırsağı boşaltmaq çətinliklə baş verir.



Qəbizliyin yaranma səbəbləri və müalicə üsulları ilə bağlı qastroenteroloq-hepatoloq Nazlı Qasımova “Sherg.az”a danışıb. Həkimin sözlərinə görə, müasir dövrün ən böyük tibbi problemlərindən biri qəbizlikdir:

“Uşaqlar və orta yaşlı insanlarda, həm də yaşlı nəsildə qəbzlik problemi günü-gündən artmaqdadır. Qəbizliyin əsas simptomları həftədə 3 dəfədən az, bərk nəcis, defekasiya zorluğu, ağrılı defekasiya kimi əlamətlərlə xarakterizə olunur. Çox vaxt qarında ağrı, köp, aşırı qaz şikayətləri olur”. 

Hepatoloq qeyd edib ki, qəbizliyin yaranmasının əsas səbəbi bağırsaq hərəkətliliyinin azalmasıdır:

“Bağırsağın motorikası hər insanda fizioloji olaraq müxtəlif ola bilər. Lakin müasir dövrdə hərəkətsiz həyat tərzi, oturaq iş rejimi, quru Fast Food qidalarından çox istifadə etmə qəbizliyin əhali arasında artmasına səbəb olur. Bəzən isə endokrin, sinir sistemi xəstəlikləri, diverfikulit kimi bağırsaq xəstəlikləri, bağırsaqlarda tıxanmağa yol açan poliplər və ya şişlər qəbzliyə səbəb olur”.

N.Qasımova qəbizliyin müalicəsi ilə bağlı əsas amilləri də diqqətə çatdırıb:

“Qəbizliyin müalicəsi pəhriz, həyat tərzi dəyişikliyi, qidalanma rejimi, tualet vərdişi və dərmanla kompleks şəkildə aparılır. Qəbizlik vaxtında müalicə olunmazsa, anal kanalda çat, hemarroid düyünlər, qanama kimi fəsadlar yarada bilir”.